Arne Slot: “Ümidvaram ki, Məhəmməd Salah…”

“Liverpul”un baş məşqçisi Arne Slot “qırmızlar”ın misrili ulduz hücumçusu Məhəmməd Salahın müqaviləsi ilə bağlı söhbət açıb.

Arena.az nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən, niderlandlı mütəxəssisin bu barədə qənaətini təqdim edir:

“Əgər Məhəmməd çox yaxşı oynasa, onda daha da bahalı olacaq! Əgər o, belə yaxşı oynamasaydı, ola bilsin ki, biz onunla müqavilə bağlamaq istəyimiz üzərində bir düşünərdik. Ümidvaram ki, o, razılaşmasının müddətini uzadacaq”, deyə Arne Slot vurğulayıb.

Xatırladaq ki, Salah İngiltərə Premyer Liqasının cari mövsümünün 25 qolla ən sərrast qolçusudur. Misirli ulduzun hesabında həmçinin 16 məhsular ötürmə var və Salah bu göstəricidə də Premyer Liqanın cari mövsümünün ən öncül futbolçusudur. Salah həmçinin qol və məhsular ötürmələrin cəmi (25+16) üzrə 51 xalla Premyer Liqanın cari mövsümünün ən səmərəli futbolçusudur.

Məhəmməd Salah 2017-ci ilin iyul ayından “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi həmin dövrdə Salahın “Roma”dan transferi müqabilində 42 milyon avro məbləğində xərc çəkib.

Salahın “Liverpul”la müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Misirli futbolçunun cari mövsümün sonunda İngiltərə klubundan ayrılması haqda şayiələr dolaşır.

Salah cari mövsümdə “qırmızılar”ın heyətində bütün yarışlarda 38 oyuna çıxıb, 30 qol vurub, 21 məhsuldar ötürmə verib.

Misirli hücumçunun “Liverpul”un heyətində çıxışının ümumi mənzərəsi 387 oyun, 241 qol, 109 məhsuldar ötürmədən ibarətdir.

Salah “Liverpul”la bütün mümkün ali klub yarışlarının qalibi olub.

Misirli ulduz həmçinin “Fiorentina”, “Çelsi”, “Bazel” və “Əl-Mukavilun” klublarında çıxış edib.

Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 101 oyun keçirib, 58 qol vurub və 33 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı misirli hücumçunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: