“Liverpul”un baş məşqçisi, niderlandlı mütəxəssis Arne Slota qarşı İngiltərə Futbol Assosiasiyası (The FA) rəsmi ittiham irəli sürüb.
Arena.az məlumat verir ki, İngiltərə Futbol Assosiasiyası, İngiltərə Premyer Liqasının “Everton” və “Liverpul” arasında 15-ci turdan təxirə salınmış oyunundan (2:2) sonra baş vermiş qalmaqalda niderlandlı mütəxəssisi təqsirkar görür.
İttiham həmçinin Slotun əsas köməkçisi, niderlandlı mütəxəssis Sipke Hyulshofa qarşı irəli sürülüb.
İngiltərə Futbol Assosiasiyasının rəsmi bəyanatında deyilir ki, “Liverpul” və “Everton” oyundan sonra oyunçularının özlərini əxlaqlı surətdə davranmalarını təmin edə bilməyiblər. Vurğulanır ki, Slot özünü düzgün aparmayıb və güman ki, oyunun baş hakimini və onun köməkçisini təhqir edib. Eynilə Hyulshoff da bu ittihamla təqsirli bilinir.
İngiltərə Futbol Assosiasiyasının tələbinə müvafiq olaraq, Slot və Hyulshoff fevralın 19-na qədər bu ittihamla bağlı izahatlarını quruma təqdim etməlidirlər.
Xatırladaq ki, “Everton”un 90+8-ci dəqiqədə vurduğu qolla 2:2 hesabı ilə başa çatmış oyundan sonra, əzəli rəqiblərin düşərgələri arasında təxribat nəticəsində qalmaqal yaşanıb.
Həmçinin oyunun sonlarında (90+12-ci dəqiqədə) “qırımızılar”ın ingilis yarımmüdafiəçisi Körtis Cons, meydan sahiblərinin isə malili yarımmüdafiəçisi Abdulay Dukure ikinci sarı vərəqələrini alaraq, meydandan qovulublar. Üstəlik, “Liverpul”un niderlandlı baş məşqçisi Arne Slot da qırmızı vərəqə alıb. Slot oyunun ingilis baş hakimi Maykl Oliverin əlini “məzəmmətlə ədalı və eyhamlı” tərzdə sıxıb görüşdüyünə görə “qızardılıb”. Arne Slotun birinci köməkçisi, niderlandlı mütəxəssis Sipke Hyulshoff isə klubların oyunçularının süpürləşməsində cənfəşanlıqla iştirak etdiyi üçün qırmızı vərəqə alıb.
Qalmaqala məhz Abdulay Dukure səbəb olub. Belə ki, “qənnadçılar”ın bərabərlik qolunu qeyd etmək məqsədilə Dukure “qırmızılar”ın azarkeşlərinin yer aldığı sektorun qarşısına gəlib, qolu bayram edib, rəqib düşərgəni təxribata sürükləyib. Bu məqam “Liverpul”un hiddətlənmiş oyunçuları, xüsusilə Körtis Consun sərt qarşılığı ilə müşayiət edilib. Beləcə, qalmaqal böyüyüb.