Arsen Venger Qaret Sautqeytə görə peşmanlıq çəkir

London “Arsenal”ının fransız keçmiş baş məşqçisi Arsen Venger təəssüf etdiyi məqamla bağlı etirafı ilə diqqət çəkib.

Arena.az “Daily Mail” dərgisinə istinadən məlumat verir ki, Venger ingilis mütəxəssis Qaret Sautqeytdən İngiltərə yığmasının baş məşqçi vəzifəsini tərk etməməsini xahiş etmədiyi üçün təəssüf hissi keçirdiyini etiraf edib:

“Mən onu AÇ-2024-ün finalından dərhal sonra gördüm, amma ona deməyi unutdum: “Tələsik qərarlar vermə”. Belə mühüm finalı uduzanda həmişə düşünürsən ki, qarşıdakı 48 saat ərzində istefa verəcəksən. Peşman olduğum yeganə məqam budur. Bundan sonra (Sautqeytin istefasından sonra – redaktorun qeydi) İngiltərə yığması bu işi davam etdirə biləcək qabiliyyətli mütəxəssislə müqavilə imzalamalı olacaq”, deyə Arsen Venger vurğulayıb.

Xatırladaq ki, Qaret Sautqeyt İngiltərə yığmasının baş məşqçisi vəzifəsindən iyulun 16-da istefa verib.

Sauqeyt İngiltərə yığmasının sükanı arxasına 2016-cı ilin sentyabrında keçmişdi. İngilis mütəxəssisin “üç şir”lə müqaviləsi 2024-cü ilin dekabr ayının sonuna qədər qüvvədə idi.

Rəhbərliyi müddətində Sautqeyt İngiltərə yığmasını 102 oyuna çıxarıb. İngilis mütəxəssis bu oyunlarda 64 qələbə, 20 heç-heçə və 18 məğlubiyyət yaşayıb. Topların fərqi isə 230:86 nisbətindədir.

Sautqeytin İngiltərə yığmasından ayrılmaq qərarına isə Almaniyada keçirilmiş 2024-cü il Avropa çempionatının final oyununda İspaniya yığmasına 1:2 hesablı məğlubiyyətin böyük təsir göstərdiyi vurğulanır.