Futbol üzrə İngiltərə Premyer Liqasının lideri olan “Arsenal”da müdafiəçi Takehiro Tomiyasu uzun müddətə sıradan çıxıb. Arena.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.
Yaponiyadan olan mərkəz müdafiəçisi Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində Portuqaliyanın “Sportinq” komandasına qarşı keçirdikləri cavab oyununda sağ dizindən zədə almışdı. Bu üzdən də o, qarşılaşmanın 9-cu dəqiqəsindəcə əvəzlənmək məcburiyyətində qalmışdı. Ətraflı müayinələrdən sonra zədəsi ciddi olan 24 yaşlı futbolçunun əməliyyat olunmasına qərar verilib. O, ötən gün Londonda sağ dizindən əməliyyat olunub. Klub futbolçusunun bu mövsüm bir daha meydana çıxmayacağını açıqlayıb. Onun ən yaxşı halda yeni mövsümə hazır olması gözlənilir.
Xatırladaq ki, Takehiro Tomiyasu 2021-ci ilin avqust ayında İtaliyanın “Bolonya” klubundan 18.6 milyon avro qarşılığında “Arsenal”a keçmişdi. O, “topçular”ın heyətində meydana çıxdığı 56 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Yaponiya yığmasının üzvü “Arsenal” və “Bolonya”dan öncə “Avispa Fukuoka” və “Sent Trüden” kimi klubların da formasını geyinib. O, 2018-ci ildən dəvət aldığı Yaponiya milli komandasında da 33 oyuna çıxıb və 1 qol vurub.
İngiltərə Premyer Liqasında uğurlu mövsüm keçirən “Arsenal”da Uilyam Saliba, Məhəmməd Elneni və Eddi Nketia da zədədən əziyyət çəkir. Lakin onların zədəsi Tomiyasudakı qədər ciddi deyil və adları çəkilən oyunçular müəyyən fasilədən sonra yenidən sıraya dönəcəklər. Paytaxt təmsilçisi Premyer Liqada keçirdiyi 28 oyunda 69 xal toplayıb və hazırda vahid liderdir.


