“Arsenal” futbol akademiyasının yetirməsi, ingilis keçmiş futbolçu və məşqçi Kirnan Hyuz-Meyson 14 il müddətinə azadlıqdan məhrum edilib.
Arena.az bu barədə “Daily Mail” dərgisinə istinadən məlumat verir.
Meyson iki yaşlı uşağa qəsdən və qəddarlıqla ağır bədən xəsarəti yetirdiyinə görə müvafiq cəzaya çatdırılıb.
Meysona hökm Bezildon Karl Məhkəməsində (Esseks, İngiltərə) oxunub. 2020-ci ilin yanvar ayında Kirnan o vaxtkı sevgilisinin iki yaşlı qızı üçün təcili yardım çağırıb. Futbolçu qızcığazı huşsuz vəziyyətdə tapdığını bildirib. Mütəxəssislər belə qənaətə gəliblər ki, uşağın aldığı xəsarətlər təsadüfi xüsusiyyət daşıya bilməz. Həkimlər qızcığazın xəsarətlərini yüksək sürətlə qəza və ya bir neçə mərtəbədən yıxılmanın nəticələri ilə müqayisə ediblər. Meysonun təqsiri sübuta yetirilib və cinayətkar dəmir barmaqlıqlar arxasına göndərilib.
Xatırladaq ki, Meyson yeddi il “Arsenal”ın futbol akademiyasında məşğul olub.