“Arsenal”ın baş məşqçisi Mikel Arteta “topçular”ın Premyer Liqanın 28-ci turunda “Brentford”la oyunda ev qələbəsini (2:1) şərh edib.
Arena.az BBC-yə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir.
“Oyundan, nəticədən, həmçinin bunu necə bacardığımızdan çox razıyam. Cəsarət göstərdik və mükafatlandırıldıq. Hesab 1:0 ikən hər şey tamam fərqli ola bilərdi, amma buraxılmış qoldan sonra geridönüşə məcbur olduq, yekunda isə qələbəyə layiq idik. Bu stadionun gözəl bir cəhəti var. Səhvlər olduqda dəstəkləyirlər. Öhdəsindən gəlməli olduğumuz müəyyən məqamlar vardı, amma biz bunu etməyə hazırlaşırdıq və bunu edəcəyimizə tamamilə inanırdıq.
Sizin üçün daha vacib olanı nədir – zirvədə olmaq, yoxsa qələbə tərzi? Qələbə tərzi – yüz faiz göstərdiyimiz ruhdur. Bu liqanın bir hissəsi olmaq xoşbəxtlikdir və nail olmağa çalışdığımız xüsusi bir məqamın bir hissəsi olmaq sevincidir”, deyə Arteta vurğulayıb.
Qələbə sayəsəində “Arsenal” Premyer Liqanın 1-ci pilləsinə yüksəlib, “topçular”ın 28 oyundan 63 xalı var. “Brentford” isə 26 xalla 15-ci pillədədir.
Vurğulayaq ki, bu gün, martın 10-da Premyer Liqanın mərkəzi oyunu çərçivəsində “Enfild”də “Liverpul” “Mançester Siti”ni qəbul edəcək. “Qırmızılar” 27 oyunda 63 xalla 2-ci, “şəhərlilər” isə 62 xalla 3-cü pillədə qərarlaşıblar. Hər iki komanda potensial lider statusundadır.