Arteta “Arsenal”ın “Lans”ı “topa tutmasına” şərh verdi

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasının 5-ci turunda “topçular”ın “Lans”ı darmadağın etdiyi oyuna (6:0) şərv verib.

Arena.az “Arsenal”ın rəsmi saytına istinadən Artetanın bu barədə fikirlərini təqdim edir:

“Bu barədə xəyal belə qurmamışdım, amma bu gün qrupda birinci yeri tutmaq imkanımız oldu. Bunu çox yaxşı komandaya qarşı çox inandırıcı surətdə bacardıq. Düşünürəm ki, komanda oyuna girmək üçün əvvəldən çox aqressivlik və əzmkarlıq nümayiş etdirdi. Hər şey lazım olduğu kimi oldu, xüsusən də ilk 30 dəqiqədə və bu, həqiqətən də oyunu qazanmağımıza kömək etdi.

Belə qələbə qazanmağımız çox gözəldir, amma düşünürəm ki, evdə ardıcıl olaraq qol buraxmadığımızı və çoxlu qol vurduğumuzu göstərmişik, bu, həqiqətən müsbət amildir. Oyunçular müvafiq təcrübəni əxz etməli və böyük rəqiblərə qarşı bunu edə biləcəyimizə inanmalıdırlar, indi gözləyək, yerləşməliyik, fevralda isə kiminlə qarşılaşdığımızı öyrənəcəyik və o anda necə olduğumuzu görəcəyik”, deyə Arteta bildirib.

Xatırladaq ki, “topçular”ın “topa tutduğu” “Lans” Fransadakı ilk qarşılaşmada “Arsenal”ı 2:1 hesabı ilə məğlub edə bilmişdi.

Qələbə sayəsində “Arsenal” 12 xalla “B” qrupunun liderliyini təmin edib. Səfərdə “Sevilya” üzərində 3:2 hesablı əzmkar qələbə qazanmış “PSV Eyndhoven” 8 xalla 2-ci olub və turnirin ələmə mərhələsinə vəsiqəsini təmin edib. Darmadağına uğramış “Lans” 5 xalla 3-cü, “Sevilya” isə 2 xalla sonuncu, 4-cü pillədə yer alıb.

Sonuncu, 6-cı turda qrupda “Lans” – “Sevilya” oyunu mühim əhmiyyət kəsb edəcək. Belə ki, hər iki komanda Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparacaq.