Arteta zədəli Edeqorun səhhəti haqda məlumat verdi

“Arsenal”ın baş məşqçisi Mikel Arteta “topçular”ın norveçli yarımmüdafiəçisi Martin Edeqorun durumundan danışıb.

Məlum olduğu kimi, Martin Edeqor Norveç yığmasının düşərgəsində olarkən zədələnib.

Arena.az xəbər verir ki, “topçular”ın ispan baş məşqçisi futbolçunun son durumu ilə bağlı vəziyyəti açıqlayıb:

“Edeqor daha bir neçə müayinədən keçməlidir. Görək, bu gecə və ya sabah nə olacaq. Zədənin dərəcəsini və onu nə qədər tez geri qaytara biləcəyimizi qiymətləndirməliyik. O, hər şeyə müsbət münasibət bəsləyir. Martini tanıyaraq bildirim ki, o, hər gün oynamaq istəyir, amma biz gözləməli və nəticəsini görməliyik”, deyə Arteta vurğulayıb.

Hücumameylli yarımmüdafiəçi Martin Edeqorun erkən yeniyetməlik dövrü “Drammen Stronq” və “Strömsqodset” klublarında keçib. 2015-ci ildə “Real”a keçmiş Edeqor gənc yaşına rəğmən gələcək vəd edib. Martin Edeqor 6 il (2015-ci ildən 2021-ci ilə qədər) Madrid klubunun sistemində olub. “Kral klubu”ndakı güclü rəqabət Edeqoru kirayələrdə dolaşmağa məcbur edib, norveçli futbolçu “Herenven”, “Vitess”, “Real Sosyedad”ın uğurları üçün çalışıb və püxtələşərək sonda “Arsenal”ın hədəfinə düşüb. Norveçli futbolçu “Arsenal”a 2021-ci ilin yanvarında qoşulub. Əvvəlcə, “topçular” gənc Martini “Real”dan icarəyə götürüblər, sonra isə norveçli yarımmüdafiəçi ilə tamhüquqlu əsasda müqavilə imzalayıblar. Edeqorun “Arsenal”la 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Edeqor “topçular”ın heyətində ümumilikdə 156 oyun keçirib, 35 qol vurub, 25 məhsuldar ötürmə verib.

Cari mövsümdə Martin “Arsenal” üçün məhsudlar fəaliyyəti ilə diqqət çəkmədiyi 3 oyun keçirib.

Edeqorun qənimətlər muzeyində “Real”la UEFA Super Kuboku (2016/2017), “Real Sosyedad”la İspaniya Kral Kuboku (2019/2020), “Arsenal”la İngiltərə Super Kuboku (2024) var.

Edeqor kapitanı olduğu Norveç yığmasının heyətində 2014-cü ilin avqustunda – 15 yaş 253 günlüyündə debüt edib və nəticə ilə Norveç yığmasının rekordçusudur. Martin bu müddətdə yığmada 61 oyun keçirib, 3 qol vurub, 11 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 25 yaşlı norveçli yarımmüdafiəçinin transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.