Artur Jorje: “Qarabağ”a ilk oyunda qalib gəlməliyik”

“Braqa”nın baş məşqçisi Artur Jorje Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri ilk oyun barədə danışıb.

Arena.az xəbər verir ki, 52 yaşlı mütəxəssis bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Qarabağ” bizim hörmət etdiyimiz rəqibdir. Biz onları tanıyırıq və öyrənirik. Ona görə də bilirik ki, çox bacarıqlı komandadır. Hər il avrokuboklarda iştirak edirlər. Öz ölkələrinin çempionatlarında mütəmadi çempionluqlar qazanırlar. Amma biz bu rəqibə ilk oyunda qalib gəlməli və cavab oyunu öncəsi üstünlüyə nail olmalıyıq. Bu, bizim üçün çox vacibdir”.

Artur Jorje “Qarabağ”la matçın çətin olacağını vurğulayıb: “Bizi heç də rahat matç gözləmir. Bu cür yarışlara öyrəşmiş və 1/8 finala yüksəlmək istəyən komanda ilə qarşılaşacağıq. Onlar bütün diqqətlərini bu oyuna cəmləyiblər, çünki daxili çempionatı rahatlıqla idarə edə bilirlər, ard-arda yeddi-səkkiz çempionluqları var. Bizim tərəfimizdən asan olacağını düşünmək və özümüzə güvənmək edəcəyimiz ilk səhvdir. Futbolçularımın nəyə qadir olduğunu bilirəm. Onlar bu oyuna ciddi yanaşacaqlar və qələbə axtarışında olacaqlar”.

Xatırladaq ki, sabah – fevralın 15-də keçiriləcək “Braqa” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: