Artur Jorje: “Qarabağ”ı keçmək mümkünsüz deyil”

“Braqa”nın baş məşqçisi Artur Jorje Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı cavab oyunundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, Portuqaliya təmsilçisi doğma meydanda Azərbaycan çempionuna 2:4 hesabıyla uduzmuşdu.

Bu komandalar arasındakı cavab qarşılaşması sabah Bakıda keçiriləcək. 52 yaşlı mütəxəssis bu gün baş tutan mətbuat konfransında Azərbaycan klubu barədə xoş fikirlər səsləndirib.

O, səfərə qələbə dalınca gəldiklərini bildirib: “İlk oyundakı hesab qarşımızda çətin missiyanın durduğunu göstərir. Nəzərə alaq ki, ötən həftəsonu çempionatda bir gərgin matç da keçirmişik. “Qarabağ” isə oynamayıb. Çətin olsa da, durumu xeyrimizə dəyişməyə çalışacağıq. Fikrimcə, bu, mümkünsüz deyil.

Futbolçular ilk oyundan sonra paltardəyişmə otağında dedilər ki, hələ heç nə bitməyib, vəziyyəti xeyrimizə dəyişəcəyik. Yaxın zamanda ölkə kubokunun qalibi olmuşduq. Mövsüm hələ bitməyib. Mərhələ keçməklə uğurun davamını gətirə bilərik. Bütün matçlarda qələbə qazanmaq iqtidarında deyilik. Çempionatda da mövsümü daha yüksək yerlərdə bitirə bilərik. “Braqa”nın hər bir oyunçusu qələbə üçün vuruşmalıdır”.

Baş məşqçi komandanın qarşısına yüksək tələb qoyduqlarını bildirib: “Çox keyfiyyətli futbolçularımız var. Onlar istənilən anda matçın taleyini həll edəcək gücdədirlər. Onların qarşıya qoyulan hədəfi yerinə yetirəcəklərinə şübhə etmirəm. Bu, istəkdən xəbər verir. Qarşımızda çox güclü rəqib var. Amma istənilən halda hədəfimiz minimalhesablı qələbə yox, mərhələ adlamaqdır”.

Artur Jorje Portuqaliyadakı qarşılaşmada ilk qolun həlledici rol oynadığını düşünür: “Braqada ilk qolu buraxmağımız oyunun açar anı idi. “Qarabağ”ın üstünlüyə yiyələnməsi mühüm rol oynadı. İndiki mərhələdə hansısa rəqibi ciddi qəbul etməmək doğru olmaz. “Qarabağ” həm güclü komandadır, həm də fərdi cəhətdən yaxşı oyunçuları var. Etiraf etmək lazımdır ki, orada “Qarabağ” üstün idi. Bu da hesabda öz əksini tapdı. Hətta ikinci hissədə bir periodda başımızı itirmişdik. Lakin sabah mərhələ adlamaq istəyiriksə, daha diqqətli olmalıyıq”.

“Biz buna motivasiya kimi baxırıq” – Simon Banza

“Braqa”nın hücumçusu Simon Banza da Bakıdakı mətbuat konfransına qatılıb. 27 yaşlı futbolçu bunları dilə gətirib:

“İlk oyunda məğlub olmuşduq. Rəqib yaxşı komandadır. Amma hazırda çox istəkliyik. Mümkünsüz heç nə yoxdur. Brumanın dönməsi komanda üçün sevindirici haldır. O, fərqli oyunçudur. Həm qol vurmağı, həm assist etməyi bacarır. Ümid edirəm ki, Bruma sabah mənə bir assist edəcək”.

O, rəhbərliyin komandadan qələbə tələb etməsinə münasibət bildirib: “Bunu oyunçulara psixoloji təzyiq hesab edə bilərsiniz. Amma biz buna motivasiya kimi baxırıq. Yaxşı oyunla növbəti mərhələyə adlamaq istəyirik”.

Sabah – fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Braqa” oyununa saat 21:45-də start veriləcək.