Artur Jorje: “Qarabağ”ın vurduğu 2-ci qol məni çox məyus etdi”

“Braqa”nın baş məşqçisi Artur Jorje Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirdikləri cavab oyununu şərh edib.

Arena.az xəbər verir ki, Portuqaliya təmsilçisi Bakıda baş tutan cavab qarşılaşmasında 3:2 hesabıyla qalib gəlsə də, doğma meydandakı 2:4 hesablı məğlubiyyətə görə Avroliqa ilə vidalaşıb.

Portuqaliyalı mütəxəssis ümumi hesabda 5:6 uduzaraq mübarizəni dayandırmalarına belə münasibət bildirib:

“İlk oyunda neqativ nəticə olmuşdu. Bura məğlub halda gəlmişdik. Mərhələ adlamaq üçün qalib gəlməli idik. Qələbə qazansaq da, bu, mərhələ adlamağa yetərli olmadı. 90 dəqiqə ərzində tarazlıq yaratdıq, komanda yaxşı işlədi. Amma bəzi səhvlərə yol verdik. Məhz buraxdığımız səhvlər cütün taleyini həll etdi. Belə səviyyəli yarışlarda bunları etməməlisən”.

Artur Jorje cavab görüşündə heyətdə etdiyi dəyişikliklərdən söz açıb: “Farense” ilə görüşdən sonra bu gün daha dinamik oyunçular meydançada olmalı idilər. 90 dəqiqədə ümumi hesabı bərabərləşdirdik. Buraxdığımız ikinci qol məni çox məyus etdi. Belə turnirdə bu cür səhv bağışlanılmazdır. Artıq bunu unudub, qısa müddətdə qarşıdakı matça bərpa olmalıyıq. Komanda bu gün həm fiziki, həm psixoloji cəhətdən çox güc sərf etdi”.

Qonaqpərvərliyə görə sizə təşəkkür edirəm. Buradan hansı hisslərlə qayıdacağam? Təəssüf ki, yarışı tərk edirik. Öz çempionatımıza fokuslanacağıq”.

Qeyd edək ki, “Braqa”nı mübarizədən kənarlaşdıran “Qarabağ” Azərbaycan futbol tarixində avrokubokların 1/8 finalına yüksələn ilk klub olub. Avropa Liqasının 1/8 mərhələsinin oyunları martın 7-də və 14-də keçiriləcək. Bu mərhələnin püşkü isə bu gün – fevralın 23-də atılacaq.