“Braqa”nın baş məşqçisi Artur Jorje Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri ilk oyun barədə danışıb.
Arena.az xəbər verir ki, 52 yaşlı mütəxəssis Portuqaliya çempionatının son turunda Lissabon “Sportinq”i ilə səfər oyununda 0:5 hesabıyla uduzmalarına rəğmən, Azərbaycan çempionu ilə görüşə ciddi köklənəcəklərini vurğulayıb:
“Bu ağır məğlubiyyətə baxmayaraq, irəli baxmalıyıq. İndi təəssüflənmək vaxtı deyil. Bu nəticəni unutmaq və “Qarabağ”la görüşə köklənmək lazımdır. “Qarabağ”la çox çətin oyunumuz olacaq”, deyə Artur Jorje vurğulayıb.
“Braqa”nın futbolçusu Rikardo Horta da “Qarabağ”la matç barədə fikirlərini paylaşıb. 29 yaşlı hücumçu avrokuboklarda ab-havanın fərqli olduğunu bildirib:
“Hər oyunun öz tarixçəsi var. İndi üzərimizə düşən “Sportinq”lə matçdakı səhvlərdən nəticə çıxarmaq və “Qarabağ”la görüşə köklənməkdir. Rəqibi təhlil edirik. “Qarabağ” fərqli komandadır. Cavab qarşılaşmasına sərfəli nəticə ilə yollanmaq istəyirik”.
Qeyd edək ki, fevralın 15-də keçiriləcək “Braqa” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.


