“Roma”nın ukraynalı hücumçusu Artyom Dovbik mart ayının yekunlarına əsasən, İtaliya A Seriyasının ən yaxşı oyunçusu seçilib.
Arena.az bu barədə İtaliya A Seriyasının rəsmi saytına istinadən məlumat verir.
Ötən ay Dovbik paytaxt klubunun heyətində A Seriyasında 4 oyunda iştirak edib. O, bu oyunlarda 3 qol vurub, komandası isə bütün görüşlərdən qalib ayrılıb.
Xatırladaq ki, “Roma” Dovbiki 2024-cü ilin yayında 30,5 milyon avro məbləğ müqabilində “Jirona”dan transfer edib. Ukraynalı futbolçu “canavarlar”la 5 illik – müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə razılaşdırıb.
Artyom Dovbik futbola “Slavutiç” (Çerkası) klubunda (sonralar “Çerkasski Dnepr” və “Çerkaşşina” – redaktorun qeydi) qədəm qoyub. Ukraynalı hücumçu karyerası ərzində “Dnepr”, “Zarya” (Beltsı), “Midtyulland”, “Sönderyyuske”, “Dnepr-1” və “Jirona”da çıxış edib.
Cari mövsümdə Dovbik “Roma”nın heyətində bütün yarışlarda 41 oyuna çıxıb, 16 qol vurub və 4 məhsuldar ötürmə verib.
Artyom Dovbik 2021-ci ilin martında debüt etdiyi Ukrayna yığmasının heyətində 36 oyuna 11 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib.
Artyom Dovbikin qənimətlər muzeyində “Midtyulland”la qazandığı Danimarka çempionluğu (2017/2018 və 2019/2020) və Danimarka Kuboku (2018/2019), həmçinin “Sönderyyuske” ilə əldə etdiyi daha bir Danimarka Kuboku (2019/2020) və “Zarya” ilə qalibi olduğu Moldova Kuboku (2015/2016) var.
Fərdi uğurlara gəlincə, Dovbik “Dnepr-1”-in heyətində 2021/2022-ci və 2022/2023-ci illər mövsümündə müvafiq olaraq 14 və 24 qolla 2 dəfə Ukrayna Premyer Liqasının və “Jirona”nın heyətində 2023/2024-cü illər mövsümündə İspaniya La Liqasının 24 qolla ən sərrast futbolçusu olub.
“Transfermarkt” internet-portalı 27 yaşlı ukraynalı hücumçunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.
Artyom Dovbik karyerasında ilk dəfə A Seriyasının ən yaxşı oyunçusu seçilir.
Bu mövsüm A Seriyasında ayın ən yaxşısı seçilmiş futbolçuların siyahısı belədir:
Avqust 2024 – Markus Türam (“İnter”)
Sentyabr 2024 – Xviça Kvaratsxeliya (“Napoli”)
Oktyabr 2024 – Mateo Reteqi (“Atalanta”)
Noyabr 2024 – Moyze Kin (“Fiorentina”)
Dekabr 2024 – Paulo Dibala (“Roma”)
Yanvar 2025 – Andre-Frank Zambo Anqissa (“Napoli”)
Fevral 2025 – Randal Kolo Muani (“Yuventus”)


