Artyom Dovbik Andrey Şevçenkonun nailiyyətini təkrarladı

İspaniya La Liqasının 30-cu turunda “Betis”ə qarşı oyun (3:2) “Jirona”nın ukraynalı mərkəz hücumçusu Artyom Dovbik üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, bu oyunda dübarə qol vurmuş Dovbik La Liqa çərçivəsində vurduğu qolların sayını 16-ya çatdırıb.

Bunun sayəsində Dovbik həmyerlisi Andriy Şevçenkodan sonra Avropanın böyük futbol beşliyi ölkələrinin milli birinciliklərindən birində 15 və daha artıq qol vurmağı bacarmış ilk ukraynalı futbolçu olub. “Milan”ın əfsanəvi hücumçusu Andrey Şevçenko müvafiq nəticəyə imza atmış ilk ukraynalı futbolçu olub. “Şeva” 1999/2000 mövsümündə İtaliya A Seriyasında 24 qol vurmuşdu. Daha sonra Şevçenko 2003/2004 mövsümndə həmin nəticəsini təkrarlamışdı.

Xatırladaq ki, hazırda Dovbik 16 qolla La Liqanın ən sərrast futbolçuları siyahısının zirvəsində yer alıb. “Real”ın ingilis mərkəz yarımmüdafiəçisi Cud Bellingem və “Osasuna”nın xorvat mərkəz hücumçusu Ante Budimirin eyni sayda qol vursalar da, ukraynalı qolçu qol və məhsuldar ötürmələrin cəmi üzrə (16+5) rəqiblərini qabaqlayır. Bellingem 16+4, Budimir isə 16+2 göstəricisi ilə müvafiq olaraq 2-ci və 3-cü sırada yer alıblar.

Artyom Dovbik “Jirona”ya 2023-cü ilin avqustunda 7,75 milyon avro müqabilində “Dnepr-1”-dən keçib. Ukraynalı hücumçunun kataloniyalılarla müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Dovbik “Jirona”nın heyətində bütün yarışlarda 31 oyuna çıxıb, 16 qol vurub, 7 məhsuldar ötürmə verib.

Dovbik 2021-ci ilin martında debüt etdiyi Ukrayna yığmasının heyətində 25 oyuna 8 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 26 yaşlı ukraynalı mərkəz hücumçusunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.