Artyom Dovbik – La Liqada dekabrın ən yaxşı oyunçusu!

“Jirona”nın ukraynalı mərkəz hücumçusu Artyom Dovbik dekabr ayında İspaniya La Liqasının ən yaxşı oyunçusu seçilib.

Arena.az bu barədə La Liqanın rəsmi saytına istinadən məlumat verir.

Ukraynalı futbolçu səsvermədə Borxa Mayoral (“Xetafe”), Alvaro Valyes (“Las Palmas”), Rodriqo (“Real”) və İnyaki Uilyamsı (“Atletik”) qabaqlayıb.

Dovbik dekabr ayında 4 qol vurub: “Betis”, “Barselona” ukraynalı hücumçunun hədəfinə tuş gəliblər. “Alaves”lə oyunda isə Artyom dubla imza atıb.

Artyom Dovbik “Jirona”ya cari ilin avqustunda 7,75 milyon avro müqabilində “Dnepr-1”-dən keçib. Ukraynalı hücumçunun kataloniyalılarla müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Dovbik “Jirona”nın heyətində bütün yarışlarda 20 oyuna çıxıb, 11 qol vurub, 7 məhsuldar ötürmə verib.

Dovbik 2021-ci ilin martında debüt etdiyi Ukrayna yığmasının heyətində 23 oyuna 7 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 26 yaşlı ukraynalı mərkəz hücumçusunun transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.