İspaniyanın “Jirona” klubunun ukraynalı mərkəz hücumçusu Artyom Dovbik tamhüquqlu keçid əsasında “Roma”nın düşərgəsinə qatılıb.
Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən məlumat verir.
Keçid “Roma”ya 30,5 milyon avro məbləğində başa gəlib. Bəzi internet mənbələrində keçidin əlavə üstəliklər də daxil olmaqla, 37 milyon avro məbləğ müqabilində razılaşdırıldığı haqda məlumat var. Ukraynalı futbolçu “canavarlar”la 5 illik – müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə razılaşdırıb.
Artyom Dovbik futbola “Slavutiç” (Çerkası) klubunda (sonralar “Çerkasski Dnepr” və “Çerkaşşina” – redaktorun qeydi) qədəm qoyub. Ukraynalı hücumçu karyerası ərzində “Dnepr”, “Zarya” (Beltsı), “Midtyulland”, “Sönderyyuske”, “Dnepr-1” və “Jirona”da çıxış edib.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Dovbik “Jirona”nın heyətində bütün yarışlarda 39 oyuna çıxıb, 24 qol vurub və 10 məhsuldar ötürmə verib.
Artyom Dovbik 2021-ci ilin martında debüt etdiyi Ukrayna yığmasının heyətində 31 oyuna 10 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib.
Artyom Dovbikin qənimətlər muzeyində “Midtyulland” ilə qazandığı Danimarka çempionluğu (2017/2018 və 2019/2020) və Danimarka Kuboku (2018/2019), həmçinin “Sönderyyuske” əldə etdiyi daha bir Danimarka Kuboku (2019/2020) və “Zarya” ilə qalibi olduğu Moldova Kuboku (2015/2016) var.
Fərdi uğurlara gəlincə, Dovbik “Dnepr-1”-in heyətində 2021/2022-ci və 2022/2023-ci illər mövsümündə müvafiq olaraq 14 və 24 qolla 2 dəfə Ukrayna Premyer Liqasının və “Jirona”nın heyətində 2023/2024-cü illər mövsümündə İspaniya La Liqasının 24 qolla ən sərrast futbolçusu olub.
“Transfermarkt” internet-portalı 27 yaşlı ukraynalı hücumçunun transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.