Asif Məmmədov əməliyyat olundu, Abu Akel sıradan çıxdı

Premyer Liqada mübarizə aparan “Qəbələ”nin zədəli futbolçuları Asif Məmmədov və Fares Abu Akelin durumuna aydınlıq gəlib. Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Azərbaycan Premyer Liqasının 34-cü turu çərçivəsində baş tutan “Turan Tovuz”la ev oyununda (1:2) xəsarət alan yarımmüdafiəçilər dərhal müayinə olunub. Asifin axil vətərinin yırtıldığı müəyyənləşib. Bu səbəbdən 37 yaşlı futbolçu təcili əməliyyat olunub. Onun əməliyyatı Türkiyədə baş tutub.

İlkin müayinələrdən sonra Faresin də zədəsinin ciddi olduğu müəyyənləşib. Dizindən xəsarət alan 26 yaşlı israilli yarımmüdafiəçi təkrar müayinədən keçəcək. Bu iki futbolçunun bərpa müddəti açıqlanmır.

Xatırladaq ki, Asif Məmmədov 2015-ci ildən “Qəbələ”də çıxış edir. O, 2007-ci ildə də yarım mövsüm bu klubun uğurları üçün çalışıb. 36 yaşlı futbolçu indiyə qədər əyalət təmsilçisində 214 oyuna çıxıb. O, bu görüşlərdə 11 qol və 30 məhsuldar ötürmə müəllifi olub. Bu mövsüm isə o, bütün turnirlər çərçivəsində 35 matça çıxıb, 3 məhsuldar ötürmə ilə yadda qalıb. Azərbaycan yığmasında da oynamış Məmmədov “Şamaxı”, “Xəzər Lənkəran”, “MKT-Araz” kimi klubların da formasını geyinib.

Fares Abu Akel isə “Qəbələ”yə 2022-ci ilin iyul ayında transfer olunub. 26 yaşlı yarımmüdafiəçi əyalət klubunda 38 oyuna çıxıb. O, bu görüşlərdə 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Fares daha öncə “Aşdod” və “Hapoel” (İxsal) kimi klublarda da forma geyinib.