Aslanov və Alıyev Fransaya məğlubiyyəti şərh etdilər

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçi əvəzi İlqar Aslanov Fransa yığmasına qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, Avropa çempionatının (AÇ-2023) əsas mərhələsi çərçivəsində bu gün Fransa yığması ilə qarşılaşan millimiz 0:5 hesabıyla məğlub olub.

U-19 yığmamızın baş məşqçisi Ağatahir Əzimovun səhhətində problem yarandığından, komandamızı qrup oyunlarının keçirildiyi Bosniya və Herseqovinaya məhz İlqar Aslanov aparıb. O, ilk oyundakı məğlubiyyəti Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında belə şərh edib:

“Turnirdə ilk oyunumuzu keçirdik. Rəqibimiz daha təcrübəli Fransa yığması idi. Bizim heyət üzvləri ilk dəfə idi beynəlxalq oyunda iştirak edirdi. Düzdür, komanda sentyabrdan Yüksək Liqada iştirak etməklə müəyyən təcrübə əldə edib. Amma beynəlxalq oyunlar fərqli keçir.

Matça gəldikdə, görüş bizim üçün çətin keçdi. Yenə deyirəm, rəqibimiz bu cür bir neçə oyunda iştirak etdiyindən, daha təcrübəli hesab olunurdu. Razı qaldığım məqam uşaqların heç nədən çəkinmədən sona qədər mübarizə aparmasıdır. Ustalıq səviyyəsində onlardan geri qalsaq da, oyunçularımız əzmkarlıq hesabına nəsə etməyə çalışırdı. Qarşıda daha iki oyunumuz var. Əlbəttə, çalışacağıq ki, xal və ya xallar qazanaq”.

Millimizin üzvü İlham Alıyev isə ilk oyundakı məğlubiyyətlə bağlı bunları söyləyib:

“Fransa millisi qrupumuzun favoriti hesab edilsə də, bu, bizi ruhdan salmırdı. Düzdür, bilirdik ki, onların ustalıq səviyyəsi bizdən üstündür, daha çox beynəlxalq oyunda iştirak ediblər. Ancaq əzmkarlıq və sona qədər mübarizə aparmaqla rəqibi dayandırmağa, onları əks-hücumlarda tutmağa çalışdıq. Açığı, 1-2 epizodda buna nail olduq. Təəssüf ki, fürsətləri realizə edə bilmədik. Əvəzində müəyyən səhvlərə yol verdik və bu da Fransanın qol vurması üçün kifayət etdi. Əlbəttə, hər bir oyun bizim üçün dərs, təcrübədir. Çalışacağıq bu məğlubiyyətdən düzgün nəticələr çıxaraq.

Qarşıda iki oyunumuz var. Hər ikisi bizim üçün vacibdir. Düzdür, Bosniya və Herseqovina da birinci yer uğrunda mübarizə aparır. Üstəlik turnir onların ölkəsində keçirilir ki, bu da rəqibimizin xeyrinə işləyir. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Mübarizəmizi sona qədər davam etdirəcəyik”.

Xəbəri sosial şəbəkələrdə paylaş: