“Qarabağ”ın sabiq qapıçısı Asmir Beqoviç İngiltərə Premyer Liqasında mübarizə aparan “Everton” klubundan ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə Liverpul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
35 yaşlı qolkiperə yeni müqavilə təklif olunsa da, o, Premyer Liqa klubunda qalmaq istəməyib.
Xatırladaq ki, Asmir Beqoviç 2021-ci ilin iyul ayından “Everton”da forma geyinirdi. Bosniya və Herseqovinadan olan təcrübəli qolkiper bu komandada cəmi 10 oyuna çıxıb, 17 qol buraxıb, 4 “quru” matç keçirib.
Beqoviç 2019/2020 mövsümünün birinci yarısını icarə əsasında “Qarabağ”da keçirib. Həmin vaxt o, İngiltərənin digər klubu “Bornmut”a məxsus idi. Bosniya və Herseqovinadan olan futbolçu, karyerası ərzində “Portsmut”, “Stok Siti”, “Çelsi”, “Milan”, “Yovil Taun”, “İpsviç Taun”, “Maklsfild Taun” kimi komandalarda da oynayıb.
“Everton” Asmir Beqoviçdən başqa, digər qapıçı Endi Lonerqan, yarımmüdafiəçi Tom Devis və kapitan Şeymus Koulmenə da yeni müqavilə təklif edib. Rayan Estli ilə Luis Gibson da yeni sözləşmə təklifi alıb. Bu oyunçuların yekun qərarının necə olacağı bilinmir.
Müdafiəçi Yerri Mina və hücumçu Andros Taunsend “Everton”u tərk edib. Onların klubla müqaviləsinin müddəti bu ayın sonunda bitəcək və azad agent statusu alacaqlar.
“Everton” Cek Barret və Makkenzi Hant ilə müqavilələrin müddətini isə 2024-cü ilin yayına kimi artırıb. Buna onların müqaviləsindəki müddəti daha bir il artırma şərtinin olması şərait yaradıb.
Beqoviç kimi, Eynar İversen və İsaak Prays da klubun yeni müqavilə təklifini qəbul etməyiblər. Onlar da Premyer Liqa təmsilçisindən ayrılmağa qərar veriblər.
Nils Nkunku isə Fransanın “Sent-Etyen” klubuna 2 milyon avroya satılıb. 22 yaşlı sol cinah müdafəçisi bu ilin yanvarında satınalma şərti ilə “Sent-Etyen”ə keçmişdi. Fransa klubu da onun yarım mövsümlük çıxışından razı qaldığı üçün futbolçunun transfer hüquqlarıın alıb.