Astarada keçiriləcək beynəlxalq basketbol turnirinin püşkü atıldı

3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Astarada baş tutacaq mərhələsinin qrupları və təqvimi müəyyənləşib. Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, yarışda 12 komanda 4 qrupda mübarizə aparacaq:

A qrupu: Almaniya, Misir, Ukrayna
B qrupu: Çin, Çexiya, Avstriya
C qrupu: Polşa, Yuanda klubu, Azərbaycan
D qrupu: Rumıniya, Macarıstan, “Neftçi” klubu

Reqlamentə əsasən, ilk iki yeri tutmuş kollektivlər 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. Dünya Seriyasının Astara mərhələsinin açılış oyunu mayın 20-də keçiriləcək. Almaniya və Ukrayna seçmələri arasında baş tutacaq oyuna saat 12:40-da start veriləcək.

Azərbaycan yığmasının ilk matçı saat 13:30-da Polşa millisinə qarşı olacaq. “Neftçi” klubunun ilk oyunu isə Rumıniya seçməsi ilədir. Bu görüşə də saat 13:55-də start veriləcək.