İspaniyanın “Real Sosyedad” klubunun veteran yarımmüdafiəçisi Asyer İlyarramendi bu mövsümün sonunda komandanı tərk edəcək. Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
İlyarramendi yeni təklifdən imtina etmək və yayda klubu azad agent statusunda tərk etmək qərarına gəlib. O, bu qərarını belə izah edib:
“Mən heç zaman belə yüksəklikləri fəth edəcəyimi düşünməzdim. Bunun təməlində mənim işimin böyük hissəsi dayanır. Baxın, mən necə uzağa getmişəm, bura düşmək asan deyil, hələ qalmağı, kapitanlığı daşımağı demirəm… Mən bacardığım hər şeyi etmişəm.
Mən Aranburu və Xabi Prietodan əxz etdiyim dəyərləri ötürməyə cəhd etmişəm. Bəzən xətaya yol verə bilərdim, ancaq niyyətim həmişə ən yaxşı olub və mən bütün bunlarla iftixar edirəm”.
Xatırladaq ki, Asyer İlyarramendi “Real Sosyedad”a 2015-ci ildə Madrid “Real”ından 16 milyon avro qarşılığında keçib. 33 yaşlı futbolçu bu müddətdə sözügedən komandanın heyətində 251 oyuna çıxıb. Yarımmüdafiəçi bu görüşlərdə 11 qola imza atıb, 17 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə “Real”da da 90 oyuna çıxıb, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. İspaniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Asyer, əsas millidə də 3 oyuna 1 qol vurub.