Azərbaycan Premyer Liqanın 24-cü turu çərçivəsində baş tutan “Qarabağ”la səfər oyunu “Neftçi”nin futbolçusu Ataa Caber üçün uğurlu alınmadı. Arena.az xəbər verir ki, israilli futbolçu “Azərsun Arena”da keçirilmiş oyunda ciddi zədə alıb.
29 yaşlı yarımmüdafiəçi bu görüşün sonlarında sıradan çıxıb və meydanı xərəkdə tərk etmək məcburiyyətində qalıb. Caber təcili yardım maşını ilə dərhal xəstəxanaya aparılıb. Onun əvəzində 82-ci dəqiqədə Azər Salahlı meydana buraxılıb.
İlkin məlumatlarda futbolçunun ayağının sındığı ehtimal olunurdu. Amma “Neftçi” klubu yaydığı son açıqlama ilə vəziyyətin o dərəcədə də qorxulu olmadığını bildirib. Məlumatda bildirilir ki, Caber klubun sağlamlıq sponsoru olan “Liv Bona Dea Hospital”da müayinədən keçib. “Neftçi”nin baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında futbolçunun son durumu ilə bağlı bunları bildirib:
“Ataa Caber oyun zamanı diz qapağından aşağı 3-4 sm uzunluğunda deşilmiş yara ilə əlaqədar klinikaya yerləşdirildi. İlkin müayinədən sonra sümüklərinin tamlığının pozulmadığı müəyyənləşdi, vətərlərinin də tamlığında ciddi problem yoxdur. Cərrahi işlənilərək xəstəyə elastik bandajla sıxıcı sarğı qoyuldu və o, evə buraxıldı. Sonrakı müayinələr üçün futbolçuya təkrar baxılacaq. Yəqin ki, 10 gündən sonra tikişləri söküləcək, daha sonra isə fərdi hərəkətlərə başlayacaq”.