Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Neftçi”nin yarımmüdafiəçisi Ataa Caber Fələstin pasportu alıb.
Arena.az xəbər verir ki, 28 yaşlı İsrail əsilli futbolçu bundan sonra Fələstin milli komandasının formasını geyinəcək.
Bu barədə “Neftçi”nin rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, Fələstin millisinin İordaniyada təşkil olunacaq təlim-məşq toplanışına dəvət alan Caber iyunun 14-də İndoneziya, 20-də isə Çin yığmaları ilə yoldaşlıq oyunlarında iştirak edə bilər.
Qeyd edək ki, əvvəllər İsrailin U-19 və U-21 millisinin şərəfini qorumuş Caber, gənclərdən ibarət komandanın kapitanı da olub.
Ataa Caber 2022-ci ilin iyul ayında İsrailin “Aşdod” klubundan “Neftçi”yə keçib. O, paytaxt təmsilçisində 37 oyun keçirib, 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi daha öncə “İhud Bney Saxnin”, “Makkabi” (Hafya) və “Aşdod” kimi klublarda forma geyinib.
“Neftçi” müdafiəçisi Solomon Kvirkveliya da Gürcüstan milli komandasına dəvət olunub. 31 yaşlı futbolçu AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində iyunun 17-də Kipr, 20-də isə Şotlandiya ilə keçiriləcək səfər matçlarına çağırılıb.
Xatırladaq ki, Kvirkveliya Gürcüstan milli komandasının heyətində 48 oyunda meydana çıxıb.
Solomon Kvirkveliya da 2022-ci ilin iyulundan “Neftçi”nin uğurları üçün çalışır. Mərkəz müdafiəçisi paytaxt klubunun heyətində meydana çıxdığı 42 oyunda 2 qol da vurub. O, əvvəllər “Rubin” (Kazan), “Lokomotiv” (Moskva), “Rotor” (Volqoqrad), “Nefteximik” (Nijnekamsk), “Qaqra”, “Metallist 1925” kimi klublarda da forma geyinib.
