Ataman Güneyligil Azəraycan millisinə baş məşqçi təyin olundu

Türkiyəli mütəxəssis Ataman Güneyligil qadın voleybolçulardan ibarət Azərbaycan milli yeni baş məşqçisi təyin olunub. Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, bununla əlaqədar mayın 16-da, saat 12:00-da Azərbaycan Voleybol Mərkəzində yeni baş məşqçi Ataman Güneyligilin iştirakı ilə mətbuat konfransı keçiriləcək.

Xatırladaq ki, Azərbaycan milli komandası uzun müddət idi baş məşqçisiz qalmışdı. Qadın voleybolçulardan ibarət yığmamıza son olaraq Eldar Yusubov rəhbərlik edib. Lakin o, AÇ-2023-ün seçmə mərhələsindəki uğursuz çıxışdan sonra postundan ayrılmışdı.

Ataman Güneyligil son olaraq Türkiyənin “Qalatasaray” komandasına rəhbərlik edib. O, 2015-ci ildən çalışdırdığı İstanbul təmsilçisindən bu ilin mart ayında ayrılmışdı. 41 yaşlı mütəxəssis “Qalatasaray”dan öncə Türkiyənin U-20 və U-23 yığmalarına, həmçinin “Dicle Universiteti” komandasına rəhbərlik edib. Məşqçilik karyerasının ilk illərində isə o, “Vakıfbank”, “Beşiktaş”, “Qalatasaray” klublarında, Türkiyənin U-23 yığmasında baş məşqçinin köməkçisi kimi çalışıb.