Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi Ataman Güneyligil bu gün ictimaiyyətə təqdim edilib. Arena.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyası (AVF) bu münasibətlə jurnalistlər üçün mətbuat konfransı təşkil edib.
Voleybol Mərkəzində təşkil olunan mətbuat konfransında AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezident Faiq Qarayev, İdarə heyetinin üzvləri, federasiyasının digər nümayəndələri və jurnalistlər iştirak ediblər.
Tədbirdə baş məşqçi Ataman Güneyligillə yanaşı, onun köməkçisi, fiziki hazırlıq üzrə məşqçi Gençer Yarkın da ictimaiyyətə təqdim olunub. 39 yaşlı G.Yarkın da əvvəllər Türkiyənin “Qalatasaray” klubunda eyni vəzifəni icra edib.
AVF prezidenti Şahin Bağırov çıxış edərək milli komandamızın bu il avqustda baş tutacaq Avropa çempionatına hazırlıq prosesi çərçivəsində nəzərdə tutulan işlər haqqında qısa məlumat verib. Voleybolun ölkədə populyarlaşdırılması və kütləviliyinin artırılması istiqamətində görüləcək tədbirlərdən ətraflı danışan AVF rəhbəri Ataman Güneyligilə və voleybolçularımıza Avropa çempionatında uğurlar arzulayıb.
Tədbirdə millimizin yeni məşqçiləri ilə müqavilənin müddəti də açıqlanıb. AVF prezidenti bildirib ki, 41 yaşlı məşqçi ilə sözləşmənin müddəti 3 aylıq nəzərdə tutulub: “Milli komanda Avropa çempionatında çıxış edəcəyi üçün müqavilə üç aylıq olacaq. Yaydan sonra növbəti sözləşmə ilə bağlı müzakirə aparacağıq”.

Sonra qadınlardan ibarət yığmamızın yeni baş məşqçisi Ataman Güneyligil çıxış edib. AVF rəhbərliyinə və media nümayəndələrinə təşəkkürünü bildirən 41 yaşlı mütəxəssis millimizin qitə birinciliyinə hazırlıq prosesindən danışıb. O, yaxın günlərdə əsas heyətin müəyyənləşdiriləcəyini deyib. Baş məşqçi hazırda yığma üzvlərinin klublarında olduqlarını və üç aylıq müddətin ilkin hədəflər üçün kifayət edəcəyini vurğulayıb: “20 voleybolçudan ibarət siyahı əlimizdədir. Burada dəyişiklik də ola bilər. Gənclərin cəlb olunması da nəzərdə tutulub. Yekun siyahını qarşıdakı günlərdə federasiyaya təqdim edəcəyik”.
Xatırladaq ki, Azərbaycan millisi Avropa çempionatının C qrupunda Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə mübarizə aparacaq.
AVF-nin vitse-prezidenti Faiq Qarayev çıxış edərək Ataman Güneyligilin fəaliyyəti ilə yaxından tanış olduğunu bildirib. Federasiya rəsmisi ona qarşıdakı yarışda uğurlar arzulayıb.
Daha sonra A.Güneyligil və G.Yarkına millimizin forması təqdim olunub. Sonda media nümayəndələrinin sualları cavablandırılıb.

Ataman Güneyligilin zəngin karyera və nailiyyətləri
Yeri gəlmişkən, Azərbaycan Voleybol Federasiyası Ataman Güneyligilin indiyəqədərki karyerası və uğurları ilə bağlı statistikanı açıqlayıb. Təcrübəli mütəxəssis daha öncə Türkiyənin qadınlardan ibarət U-20 və U-23 yığmalarında, eləcə də müxtəlif klublarda çalışıb, bir sıra nailiyyətlər əldə edib.
Yığmamızın yeni baş məqşçisi Ataman Güneyligilin karyerası və qazandığı nailiyyətləri diqqətinizə çatdırırıq:
Karyerası:
2003-2006. “Vakıfbank” klubu (Köməkçi məşqçi)
2006-2008. “Beşiktaş” klubu (Köməkçi məşqçi)
2008-2010. “Galatasaray” klubu (Köməkçi məşqçi)
2010-2011. Dicle Üniversitetinin komandası (Baş məşqçi)
2013. Türkiyənin U-23 millisi (Köməkçi məşqçi)
2011-2015. “Qalatasaray” klubu (Köməkçi məşqçi)
2015. Türkiyənin U-20 millisi (Baş məşqçi)
2017. Türkiyənin U-23 millisi (Baş məşqçi)
2015-2023. “Qalatasaray” (Baş məşqçi)
Nailiyyətləri:
Milli komandalar ilə
- Türkiyənin U-23 millisi ilə (qadınlar) dünya çempionatında qızıl medal
- Türkiyə millisi ilə (qadınlar) “Yeltsin kuboku”nda bürünc medal
Klublar:
CEV Kuboku
2003-2004. “Vakıfbank” klubu ilə qızıl medal
2020-2021, 2015-2016, 2011-2012. “Qalatasaray” klubu ilə gümüş medal
2016-2017, 2014-2015. “Qalatasaray” klubu ilə bürünc medal
Çağırış kuboku
2009-2010. “Qalatasaray” klubu ilə bürünc medal
Balkan kuboku
2007-2008. “Beşiktaş” klubu ilə qızıl medal
Top Volley International
2012-2013. “Qalatasaray” klubu ilə bürünc medal
Türkiyə çempionatı
2004-2005, 2003-2004. “Vakıfbank” klubu ilə qızıl medal
2005-2006. “Vakıfbank” klubu ilə gümüş medal
2012-2013. “Qalatasaray” klubu ilə bürünc medal
2016-2017. “Qalatasaray” klubu ilə gümüş medal
Türkiyə kuboku
2011-2012. “Qalatasaray” klubu ilə gümüş medal
2020-2021, 2018-2019, 2017-2018, 2014-2015, 2012-2013. “Qalatasaray” klubu ilə bürünc medal
Türkiyə Super Kuboku
2012-2013. “Qalatasaray” klubu ilə gümüş medal