Atiba Hatçinson gedir – “Beşiktaş” rəsmən açıqladı

Türkiyənin “Beşiktaş” klubu bu mövsümün sonunda təcrübəli yarımmüdafiəçisi Atiba Hatçinson ilə yollarını ayıracağını rəsmən açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, kanadalı futbolçu ilə müqavilənin müddəti başa çatır. Bu üzdən də o, Super Liqanın 2022/2023 mövsümünün sonuncu – 38-ci turu çərçivəsində baş tutacaq “Konyaspor”la oyun bitəndən azad agent statusu ilə İstanbul təmsilçisindən ayrılacaq.

“Qara qartallar” bu gün baş tutan məşqdən öncə Atiba ilə vida mərasimi təşkil ediblər. Hatçinson bu ayrılıqla əlaqədar klubun rəsmi saytına açıqlama da verib:

“Hər kəsə təşəkkür edirəm. Bu qapıdan girdiyimdən bəri 10 il oldu. Burada hamıdan çox böyük sevgi gördüm. Burada özümü həmişə evimdəki kimi hiss etdim. Baş məşqçimiz Şenol Günəş məni həmişə dəstəklədi. Buna görə ona təşəkkürümü bildirirəm. Bu 10 il içində yaşadığım hər şey çox gözəl idi. Dostlarımızla üç çempionluq yaşadıq. Buna görə onların hər birinə minnətdaram. Meydanda həmişə bütün gücümü qoymağa çalışmışam. İndi isə vidalaşmaq lazımdır”.

Böyük ehtimalla “Beşiktaş” Atibanın sonuncu iş yeridir. Çünki onun hazırda 40 yaşı var. Amma təcrübəli oyunçu hələ buna dair qərarını rəsmən açıqlamayıb.

Xatırladaq ki, Atiba Hatçinson 10 il əvvəl, 2013-cü ildə Niderlandın PSV klubundan “Beşiktaş”a transfer olunmuşdu. O, bu 10 il ərzində “qara qartallar”ın heyətində 334 oyun keçirib. Dayaq yarımmüdafiəçi bu görüşlərdə 27 qol vurub, 37 məhsuldar ötürmə müəllifi olub.

Atiba “Beşiktaş”da bütövlükdə 5 titul qazanıb. O, 3 dəfə Türkiyə Super Liqasını, 1 dəfə Türkiyə Kubokunun, 1 dəfə də Türkiyə Super Kubokunun qalibi olub.

Hatçinson daha öncə “Kopenhagen” (189 oyun, 25 qol, 10 assist) və PSV-də (115 oyun, 4 qol, 13 assist) oynayıb.

Yarımmüdafiəçi Kanada milli komandasında da 103 matça çıxıb, 9 qola imza atıb. O, ölkəsində 6 dəfə ilin ən yaxşı futbolçusu seçilib.

Velinton da “Beşiktaş”ı tərk edir

Yeri gəlmişkən, mövsümün sonunda “Beşiktaş”la müqaviləsinin müddəti bitən daha bir legioner futbolçu – Velinton da İstanul klubundan ayrılacaq. Onun da müqaviləsinin müddəti məhz bu mövsümün sonuna qədərdir.

Braziliyadan olan mərkəz müdafiəçisi 2020-ci ildən “qara qartallar”ın uğurları üçün çalışırdı. O, İstanbul təmsilçisində 85 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

34 yaşlı futbolçu karyerası ərzində “Flamenqo”, “Alanyaspor”, “Koritiba”, “Əl-Xor”, “Umm Salal” və “Spartak” (Vladiqafqaz) kimi klublarda da forma geyinib.