Atiba Hatçinson Türkiyə Super Liqasının tarixinə düşdü

Türkiyə Super Liqasının 37-ci turunun “Kasımpaşa” ilə səfər oyunu “Beşiktaş”ın yarımmüdafiəçisi Atiba Hatçinson üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, komandasının 5:2 hesablı darmadağına sevindiyi bu oyunda qollardan birini məhz kanadalı legioner vurub.

O, 90+13-cü dəqiqədə penaltidən vurduğu qolla matçın yekun nəticəsini müəyyənləşdirib. Hatçinson məhz bu qolu sayəsində Türkiyə Super Liqasının tarixinə düşüb. Belə ki, Atiba Türkiyə çempionatında qol vuran ən yaşlı futbolçuya çevrilib. O, bunu 40 yaş 115 günlüyündə bacarıb.

Təcrübəli futbolçu bu mövsümün sonunda “Beşiktaş”dan ayrılacaq. Böyük ehtimalla İstanbul təmsilçisi onun sonuncu iş yeridir və klubdan ayrılandan sonra karyerasını bitirdiyini elan edəcək.

Xatırladaq ki, Atiba Hatçinson 10 il əvvəl, 2013-cü ildə Niderlandın PSV klubundan “Beşiktaş”a transfer olunmuşdu. O, bu 10 il ərzində “qara qartallar”ın heyətində 334 oyun keçirib. Dayaq yarımmüdafiəçi bu görüşlərdə 27 qol vurub, 37 məhsuldar ötürmə müəllifi olub.

Atiba “Beşiktaş”da bütövlükdə 5 titul qazanıb. O, 3 dəfə Türkiyə Super Liqasını, 1 dəfə Türkiyə Kubokunun, 1 dəfə də Türkiyə Super Kubokunun qalibi olub.

Hatçinson daha öncə “Kopenhagen” (189 oyun, 25 qol, 10 assist) və PSV-də (115 oyun, 4 qol, 13 assist) oynayıb.

Hatçinson Kanada milli komandasında da 103 matça çıxıb, 9 qola imza atıb. O, ölkəsində 6 dəfə ilin ən yaxşı futbolçusu seçilib.