Atletika üzrə Azərbaycan çempionatına start verildi: İlk qaliblər

Azərbaycan Atletika Federasiyasının Gənclər və İdman Nazirliyiylə birgə təşkil etdiyi böyüklər arasında Azərbaycan çempionatına start verilib.

Arena.az xəbər verir ki, yarışdan öncə açılış mərasimi baş tutub.

Mərasimdə çıxış edən Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov idmançıları qarşıda nüfuzlu yarışlar gözlədiyini və bu səbəbdən ölkə çempionatının xüsusi əhəmiyyətə malik olduğunu bildirib.

Yarışda paytaxtın müxətlif klub və cəmiyyətlərinin təmsilçiləri ilə yanaşı, Gəncə, Naxçıvan, Astara, Bərdə, İsmayıllı və Xızı idmançıları da mübarizə aparırlar. Ölkənin ən güclü atletlərinin qatıldığı yarış Krakovda təşkil olunacaq 3-cü Avropa Oyunlarında iştirak edəcək heyətin müəyyənləşdirilməsi baxımından həlledici əhəmiyyət daşıyır. Eyni zamanda Dünya Atletikasının qlobal təqvim platformasına yerləşdirilən 94-cü Azərbaycan çempionatı avqust ayında Budapeştin ev sahibliyi edəcəyi dünya çempionatı və digər nüfuzlu yarışlara reytinq xallarının qazanılması üçün önəm kəsb edir.

Atletika üzrə Azərbaycan çempionatında ilk günün qalibləri bu idmançılar olublar:

100 metr. Qadınlar
Lamiyə Vəliyeva

100 metr. Kişilər
Əlhəm Nağıyev

400 metr. Qadınlar
Lamiyə Vəliyeva (55.57 Azərbaycan rekordu)

400 metr. Kişilər
Cavid Məmmədov

1500 metr. Qadınlar
Anna Yusupova

1500 metr. Kişilər
Elman Abışov

Hündürlüyə tullanma
Kişilər: Nikita Neftyakov
Qadınlar: Ləman Hüseynova

400 m sədlərlə qaçış
Qadınlar: Ləman İsfəndiyarova

Nüvə itələmə
Kişilər: İsmayıl Əliyev
Qadınlar: Günel Hüseynova

Üç təkanla tullanma
Kişilər: Cabir Əliyev

Atletika üzrə Azərbaycan çempionatında digər növlər üzrə qaliblər sabah müəyyənləşəcək.