“Atletiko” Danna Paolanın konsertini ləğv etdi – “Real”a görə

“Atletiko” meksikalı müğənni Danna Paolanın Madrid klubunun stadionunda çıxışını ləğv etmək qərarına gəlib.

Arena.az bu barədə “Relevo” dərgisinə istinadən məlumat verir.

Danna Paolanın çıxışı sentyabrın 29-na, İspaniya La Liqasının 8-ci turu çərçivəsində “Metropolitano”da “Atletiko” – “Real” oyununun hissələrarası fasiləsinə təyin edilmişdi.

“Döşəkçilər”in bu qərarına səbəb, Danna Paolanın “Real”ı dəstəklədiyini dilə gətirməsi olub.

Meksikalı müğənni İspaniya televiziyasında “Real”a rəğbət bəslədiyini etiraf edib. Proqramın aparıcısı müğənninin sözügedən oyunun fasiləsində çıxış etməyə niyə razı olduğunu soruşanda isə Paola belə cavab verib: “Çünki mən “Real”ı dəstəkləyirəm, başqa nəyə görə ki? Mən çox həyəcanlıyam, çünki onları ilk dəfə şəxsən görəcəyəm”.

Məlum olduğu kimi, “Atletiko” müğənniyə “ay gördün ha”, cavabını verib.

Vurğulayaq ki, bundan əlavə, Paola “Real”ın 2:1 hesabı ilə qalib gələcəyini təxmin edib.

Xatırladaq ki, Madrid derbisi sentyabrın 29-da İspaniya La Liqasının 8-ci turu çərçivəsində “döşəkçilər”in “yuvası” “Metropolitano” stadionunda baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

7 turdan sonra “Real” La Liqanın yarış cədvəlində 17 xalla 2-ci pillədə qərarlaşıb. “Atletiko” isə 15 xalla 3-cü pillədədir. La Liqanın zirvəsində 21 xalla “Barselona” yer alıb.