“Atletiko” fanatları Joao Feliksə bunu da etdilər

Madrid “Atletiko”sunun azarkeşləri “döşəkçilər”in “Barselona”da icarədə olan portuqal hücumçusu Joao Feliksə nifrət sərgiləyiblər.

Arena.az məlumat verir ki, madridli azarkeşlərin nifrəti La Liqanın 29-cu turunda “döşəkçilər”in “Barselona”ya qarşı ev oyununda Joao Feliksin “Metropolitano” stadionuna gəlişi ilə nümayiş etdirilib.

Xatırladaq ki, bu oyunda “Barselona” “Atletiko”nun evdə 25 oyunluq məğlubiyyətsizlik silsiləsinə 3:0 hesablı qələbəsi ilə xitam verib. Feliks isə “blauqrana”nın qələbəsinə oyunda hesabı açmaqla töhfəsini verib.

Xatırladaq ki, ilk dövrədəki oyunda da Feliks kataloniyalıların yeganə qələbə qolunu vurmuşdu.

“Döşəkçilər”in azarkeşləri əvvəlcə növbəyə duraraq, “Metropolitano” stadionu qarşısında Feliksin xatirə lövhəsinə bir-bir ləzzətlə tüpürüblər. Sonra is Feliksin “Atletiko” formasına od vuraraq yandırıb ayaqlayıblar.

Bu hadisələrdən xəbər tutmuş Feliks “Atletiko” azarkeşlərinin onun şəxsiyyətinə münasibəti ilə bağlı narahatlığını ifadə edib:

“Atletiko” azarkeşləri mən burada olandan bəri burada nə baş verdiyini bilmirlər. Azarkeşlər klub daxilində (“Barselona”) nə baş verdiyini bilmirlər, mən onları başa düşürəm, amma məni pis adam kimi qəbul etmək lazım deyil. Hətta “Atletiko”nun oyunçuları ilə də çox yaxşı münasibətim var”.

Xatırladaq ki, Joao Feliks 2023/2024 mövsümünün sonuna qədər kataloniyalıların xidmətində olacaq. Müqavilə müddəti 2024-cü ilin iyun ayının sonuna qədər razılaşdırılıb. Transfer hüquqlarının məxsus olduğu “Atletiko” ilə isə Feliksin 2027-ci ilin iyun ayının sonuna qədər müqaviləsi var.

Cari mövsümdə Feliks “Barselona”nın heyətində uğurla çıxış edir. Portuqal hücumçu bütün yarışlarda “blauqrana” ilə 34 oyun keçirib, 9 qol və 5 məhsuldar ötürmə verib.

Joao Feliks 2019-cu ilin iyun ayında debüt etdiyi Portuqaliya yığmasında 36 oyun keçirib, 7 qol vurub, 4 məhsuldar ötürmə verib. Joao yığma komanda ilə UEFA Millətlər Liqasını (2019) qazanıb.

“Transfermarkt” internet-portalı 24 yaşlı portuqal sol vinger Joao Feliksin transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.

Vurğulayaq ki, Feliks “Atletiko”nun futbolçusu olmasına rəğmən, “Barselona”ya sevgisini gizlətmir.