“Atletiko” “İnter”ə uduzdu – UEFA Çempionlar Liqasında

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.

Arena.az xəbər verir ki, qarşılaşmalardan biri İtaliyada, digəri Niderlandda gerçəkləşib.

Milan “İnter”i doğma meydanda Madrid “Atletiko”su ilə üz-üzə gəlib. İspaniya təmsilçisi Çempionlar Liqasının ötən mövsümünün finalçısı ilə səfər oyunundan sərfəli nəticə ilə ayrılmaq arzusundaydı. Amma İtaliya təmsilçisi doğma meydanda minimal hesabla qalib gələrək cavab matçı öncəsi kiçik də olsa, üstünlük əldə edib.

Niderlandda isə yerli PSV Almaniyanın “Borussiya” (Dortmund) komandası ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə hesabı qonaqlar açıblar. Amma ikinci hissədə penalti qazanan Eyndhoven təmsilçisi məğlubiyyətdən xilas olmağı bacarıb.

Bu cütlərdə cavab matçları martın 13-də reallaşacaq.

Xatırladaq ki, daha öncə “Mançester Siti” (İngiltərə) Danimarkada “Kopenhagen”ə 3:1, “Real” (İspaniya) isə Almaniyada “Leypsiq”ə 1:0 hesabı ilə qalib gəlib. “Latsio” (İtaliya) doğma meydanda Almaniyanın “Bayern” (1:0), PSJ (Fransa) isə İspaniyanın “Real Sosyedad” komandasından (2:0) üstün olub. Bu komandaların cavab görüşləri 5-6 martda baş tutacaq.

“Portu” (Portuqaliya) – “Arsenal” (İngiltərə) və “Napoli” (İtaliya) – “Barselona” (İspaniya) matçları sabah keçiriləcək.

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə bütövlükdə mart ayında keçiriləcək cavab qarşılaşmaları ilə yekun vurulacaq.

UEFA Çempionlar Liqası
1/8 finalın ilk oyunları
20 fevral

İnter (İtaliya) – Atletiko (İspaniya) 1:0
Qol: Arnautoviç, 79.
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Milan. “Cüzeppe Meatsa” stadionu.

PSV (Niderland) – Borussiya (Dortmund, Almaniya) 1:1
Qollar: De Yonq, 56-pen – Malen, 24.
Baş hakim: Sergey Yovanoviç (Serbiya).
Eyndhoven. “Filips” stadionu.