“Atletiko” Tibo Kurtuanın xatirə lövhəsini ləğv edir

Madrid “Atletiko”sunun belçikalı keçmiş qapıçısı Tibo Kurtuanın “Metropolitano” stadionu yaxınlığındakı xatirə lövhəsi götürülə bilər.

Arena.az bu barədə “Ekip” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, belçikalı qapıçı bir neçə dəfə “Atletiko”ya münasibətdə hörmətsizlik nümayiş etdirdiyi üçün, Madrid klubu Kurtuanın adı yazılmış xatirə lövhəsini yığışdırmaq qərarına gəlib. Klubun tələbi ilə xüsusi komissiya növbəti iclasında bu xatirə lövhəsinin gələcəyi ilə bağlı qərar verəcək.

Xatırladaq ki, “Atletiko”nun ənənəsinə görə, “döşəkçilər”in heyətində 100 oyun keçirmiş hər bir oyunçu əfsanələr xiyabanında öz lövhəsini alır. Kurtua “Atletiko”nun heyətində 154 oyun keçirib və öz lövhəsini qazanıb. Kurtua 2018-ci ildə “Real” keçdikdən sonra belçikalı qapıçının xatirə lövhəsi “Atletiko” azarkeşləri tərəfindən mütəmadi olaraq vandalizmə məruz qalır.

Tibo Kurtua futbola Belçikanın “Bilzen” klubunda qədəm qoyub. Buradan “Genk”ə yol tapmış qapıçı böyük futbolda debüt edib. Daha sonra Kurtua “Çelsi”yə keçib və 2011-ci ilin iyulunda icarə əsasında Madrid “Atletiko”suna yollanıb. 2018-ci ilin avqustuna qədər Kurtua “döşəkçilər”in uğurları üçün çalışıb. Daha sonra belçikalı qapıçı “döşəkçilər”in düşərgəsindəki icarə müddətini başa vuraraq, transfer hüquqlarının məxsus olduğu “Çelsi”yə qayıdıb.

“Real” Kurtuanı 2018-ci ilin avqustunda 35 milyon avro məbləğ müqabilində “Çelsi”dən “qaymaqlılar”ın düşərgəsinə qatıb. Kurtuanın “Real”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə belçikalı qapıçı “Real” üçün 19 oyun keçirib, 19 qol buraxıb, 7 oyunda isə qapısının toxunulmazlığını təmin edib.

Tibo Kurtuanın “qaymaqlılar”ın düşərgəsində çıxışının ümumi mənzərəsi 255 oyun, 238 buraxılmış qol buraxıb və 104 “quru” oyundan ibarətdir.

“Real”ın heyətində belçikalı qapıçı 3 dəfə İspaniya çempionluğunu, 1 dəfə İspaniya Kral Kubokunu, 3 dəfə İspaniya Super Kubokunu, 2 dəfə UEFA Çempionlar Liqasını, 2 dəfə UEFA Super Kubokunu, 1 dəfə FIFA Klub Dünya Kubokunu, 1 dəfə FIFA Qitələrarası Kuboku qazanıb.

Həmçinin Kurtuanın qənimətlər muzeyində “Atletiko” ilə qazandığı İspaniya La Liqası (2013/2014), İspaniya Kuboku (2012/2013), Avropa Liqası (2011/2012) və UEFA Super Kuboku (2012/2013) var.
Kurtua 2011-ci ildə debüt etdiyi Belçika yığmasının heyətində 102 oyun keçirib, 79 qol “yeyib”, 51 oyundan “quru” qurtulub.

“Transfermarkt” internet-portalı 32 yaşlı belçikalı qapıçının transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın