Attila Salai “Fənərbaxça”nı Bundesliqa klubuna dəyişdi

Futbol üzrə Macarıstan yığmasının və Türkiyənin “Fənərbaxça” klubunun mərkəz müdafiəçisi Attila Salai “Hoffenhaym”a keçib.

Arena.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb.

“Fənərbaxça” bu transferdən 12 milyon 300 min avro gəlir əldə edib. Salai yeni klubu ilə 4 illik (2027-ci ilin 30 iyununa kimi) müqavilə bağlayıb. Müdafiəçi yeni komandasında 41 nömrəli formanı geyinəcək.

Attila Salai “Fənərbaxça”ya 2021-ci ilin yanvarında 3.86 milyon avro qarşılığında transfer olunmuşdu. 25 yaşlı müdafiəçi bu komandada 117 oyun keçirib. O, bu oyunlarda 7 qol və 4 məhsuldar ötürmə müəllifi olub.

Macar futbolçu karyerası ərzində “Rapid” (Vyana), “Apollon” (Limassol) və “Mezekeveşd” kimi klublarda da forma geyinib. O, Macarıstan milli komandasında da 35 oyuna çıxıb, 1 qolla yadda qalıb.

Yeri gəlmişkən, “Hoffenhaym” da hücumçusu Munas Dabburu Birləşmiş Ərəb Əmirliklərinin “Şabab Əl-Əhli” klubuna satıb. Ərəblər bu transfer üçün Almaniya klubuna 1,5 milyon avro ödəyiblər. İsrail yığmasının 31 yaşlı üzvü yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.

Munas Dabbur “Hoffenhaym”a 2020-ci ilin yanvarında 12 milyon avro qarşılığında keçmişdi. Təcrübəli hücumçu Bundesliqa klubunda 99 oyun keçirib, 29 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. O, “Zalsburq”, “Qrasshopper”, “Makkabi” (Təl-Əviv) və “Sevilya” kimi klublarda da forma geyinib. Hücumçu İsrail yığma komandasında 40 matça çıxıb, 15 qola imza atıb.