Almaniya Bundesliqasında mübarizə aparan “Auqsburq” klubu heyətini yeni futbolçularla gücləndirib. Arena.az xəbər verir ki, Bundesliqa təmsilçisi müdafiəçi David Çolina, həmçinin hücumçular – Kelvin Yeboa ilə İrvin Kardonanı heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Kelvin Yeboa İtaliyanın “Cenoa” klubundan bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb. Əslən Qanadan olan italiyalı futbolçu 2022-ci ilin yanvar ayından “Cenoa”da forma geyinir. 22 yaşlı hücumçu bu komandada 31 oyuna 1 qol vurub, 3 məhsuldar ötürmə edib. Kelvin daha öncə İngiltərədə “London”, Avstriyada “Tirol” və “Şturm” klublarının da uğurları üçün çalışıb. O, İtaliyanın U-21 yığmasının da formasını geyinib.

David Çolina Xorvatiyanın “Hayduk” (Split) klubundan transfer olunub. 22 yaşlı sol cinah müdafiəçisi ilə 2027-ci ilin 30 iyununa qədər müqavilə imzalanıb. Almaniya klubu xorvatiyalı futbolçunun transferi üçün Split təmsilçisinə 300 min avro ödəyib. O, 2019-cu ilin yayından formasını geyindiyi “Hayduk”da 109 oyuna 3 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. Müdafiəçi Xorvatiyanın müxtəlif yaş qrupları üzrə yığmalarında da oynayıb.

İrvin Kardona isə Fransanın “Brest” klubundan 500 min avro qarşılığında transfer olunub. Fransadan olan 25 yaşlı forvard yeni klubu ilə 2027-ci ilin 30 iyununa qədər müqavilə bağlayıb.
Kardona “Monako”nun yetirməsidir. O, “knyazlıq təmsilçisi”ndə olarkən, Belçika “Brügge”sində icarədə də oynayıb. 2019-cu ildən “Brest”in uğurları üçün çalışan hücumçu, bu komandada 106 oyuna 19 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub. İrvin Fransanın U-18 və U-20 yığmalarının da formasını geyinib.

“Auqsburq” öz hücumçusu Florian Niederlexneri isə “Herta”ya satıb. Klub bu transferdən 500 min avro qazanıb. Almaniyalı forvard yeni klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqavilə bağlayıb.
Florian Niederlexner 2019-cu ildən uğurları üçün çalışdığı auqsburqluların heyətində 107 oyuna çıxıb, 30 qol vurub və 21 məhsuldar ötürmə müəllifi olub. 32 yaşlı futbolçu daha öncə “Frayburq”, “Maynts”, “Haydenhaym”, “Unterhaxinq” və “İsmaninq” kimi klubların da formasını geyinib.
