Aurelio Andreassoli Davide Nikola ilə əvəzləndi – “Empoli”də

Futbol üzrə İtaliya A Seriyasında mübarizə aparan “Empoli” komandasının baş məşqçisi Aurelio Andreassoli istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə A Seriyası klubunun rəsmi saytı məlumat yayıb.

İtaliyadan olan 70 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Ona xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

İstefaya komandanın uğursuz nəticələri səbəb göstərilib. Son 8 oyunda qələbəyə həsrət “Empoli” sonuncu dəfə səfərdə “Napoli”ni 1:0 hesabıyla məğlub etmişdi. Ondan sonrakı oyunlarda cəmi 3 heç-heçəsi olan komanda 5 məğlubiyyətə üzülmüşdü.

Xatırladaq ki, Aurelio Andreassoli 2023-cü ilin sentyabr ayından “Empoli”yə rəhbərlik edirdi. O, bu komandanı 16 oyuna çıxarıb. Bu görüşlərdə 3 qələbə, 4 heç-heçə və 9 məğlubiyyət qeydə alınıb.

Andreassoli daha öncə üç dəfə “Empoli”yə baş məşqçi təyin olunmuşdu. O, 2017-ci ilin dekabrından 2018-ci ilin noyabrına (35 oyun), 2019-cu ilin martından həmin ilin iyununa (11 oyun), 2021-ci ilin iyunundan 2022-ci ilin iyununa (41 oyun) bu komandaya rəhbərlik etmişdi. Aurelio “Roma”, “Cenoa”, “Ternana”, “Udineze”, “Alessandriya” və “Qrosseto”da da baş məşqçi kimi çalışıb.

Artıq “Empoli”nin yeni baş məşqçisi də məlumdur. Klub onu Davide Nikola ilə əvəzləyib. Bu barədə elita təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb. Lakin 50 yaşlı mütəxəssislə müqavilənin müddəti açıqlanmayıb.

Son olaraq “Salernitana”ya rəhbərlik etmiş Davide Nikola 2023-cü ilin fevral ayında bu klubdan istefaya göndəriləndən bəri işsiz idi. O, daha öncə “Torino”, “Cenoa”, “Udineze”, “Krotone”, “Bari” və “Livorno” kimi klublarda da çalışıb.

Sonda onu da qeyd edək ki, uğursuz mövsüm keçirən “Empoli” hazırda İtaliya çempionatında 20 oyuna topladığı 13 xalla 19-cu pillədə qərarlaşıb.