Almaniyanın “Ayntraxt” klubunun portuqaliyalı sağ cinah müdafiəçisi Aurelio Buta bundan sonra “Reyms”in uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Reyms” 27 yaşlı futbolçunu bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb.
Əslən Anqoladan olan Aurelio Buta peşəkar karyerasına Portuqaliyanın “Benfika” klubunda başlayıb. Belçikada “Antverpen”in də formasını geyinmiş müdafiəçi 2022-ci ildən “Ayntraxt”ın uğurları üçün çalışırdı. O, Bundesliqa klubunun heyətində 65 oyuna çıxıb, 4 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.
Buta Portuqaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.
Aurelio Butanı heyətinə qatan “Reyms” iki futbolçusu ilə də vidalaşıb. Fransalı yarımmüdafiəçi Martin Adelin “Trua”ya satılıb. “Reyms” onun satışından 600 min avro qazanıb. 20 yaşlı futbolçu yeni klubu ilə 3 illik (2027-ci ilin 30 iyununadək) müqavilə bağlayıb.
Martin Adelin futbola PSJ-də başlasa da, “Reyms”in yetirməsi hesab olunur. O, bu klubun əsas komandasında 18 oyun keçirib, 4 qol vurub, 1 məhsuldar ötürmə verib. “Reyms” onu “Ansi” və “Rodez” klublarına icarədə də vermişdi.
“Reyms” hücimameyilli yarımmüdafiəçisi Kamori Dumbiyanı da “Brest”ə satıb. Bu transfer 4 milyon avro müqabilində gerçəkləşib. Malidən olan 21 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 5 illik (2029-cu ilin 30 iyununadək) müqavilə bağlayıb.
Kamori Dumbiya da peşəkar futbola “Reyms”də başlayıb. O, bu klubun əsas komandasında 39 oyuna çıxıb, 4 qol vurub, eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. Dumbiya ötən mövsümü məhz “Brest”də icarədə keçirib. O, bu komandanın heyətində 26 oyuna çıxıb, 6 qol vurub, 5 məhsuldar ötürmə verib.