Aurelio De Laurentis Spallettinin ayrılacağını rəsmən təsdiqlədi

“Napoli”nin prezidenti Aurelio De Laurentis komandanın baş məşqçisi Luçano Spallettinin mövsüm bitincə klubdan ayrılacağını təsdiqləyib.

Arena.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano özünün “Twitter” hesabında klub prezidentindən sitat gətirib:

“Bəli, Spalletti mənə dedi ki, o, bir illik yaradıcılıq məzuniyyəti götürməyə üstünlük verir. Mən ona imtina edə bilərdimmi? O, klubumuza çox şey verib. Mən ona işinə görə minnətdaram.
O, yanıma gəldi və bildirdi ki, bütün gücünü verib, indi isə dairə qapanıb”.

İyunun 4-də Spaletti “Napoli”ni İtaliya A Seriyasının 38-ci turu çərçivəsində “Dieqo Armando Maradona” stadionunda çempion qismində sonuncu oyuna çıxaracaq. 64 yaşlı mütəxəssis “Napoli”yə son 33 ildə ilk titulunu qazanmaqda əvəzsiz xidmət göstərib. Həmçinin komandanı Çempionlar Liqasının 1/4 finalına qədər daşıyıb.

Xatırladaq ki, bir müddət əvvəl Spallettinin komandanı məhz klub prezidenti ilə münasibətlərin pozulması səbəbilə tərk edəcəyi haqda məlumat yayılmışdı. Lakin Aurelio De Laurentis bu fakta münasibət bildirməyib.

Luçano Spalletti 2021-ci ilin iyul ayından rəhbərlik etdiyi “Napoli”ni indiyə qədər 95 oyuna çıxarıb – 61 qələbə, 16 heç-heçə, 18 məğlubiyyət. 64 yaşlı mütəxəssis daha öncə “İnter”, “Roma”, “Zenit”, “Udineze”, “Ankona”, “Venetsiya”, “Sampdoriya” və “Empoli”yə də rəhbərlik edib.