Avroliqa: “Latsio” dayandı, MY və “Tottenhem” yarımfinalda!

Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2024/2025-ci illər mövsümünün 1/4 final mərhələsinə yekun vurulub.

Arena.az xəbər verir ki, cavab oyunlarından sonra Avroliqanın yarımfinalına vəsiqə qazanan komandalar müəyyənləşiblər.

İngiltərənin “Mançester Yunayted” komandası evdə Lion “Olimpik”i (Fransa) ilə üz-üzə gəlib. İlk oyunda olduğu kimi, bu matçın əsas vaxtında da qalib müəyyənləşməyib. Yenə MY üstünlüyü əldən verib. Əlavə vaxtda isə “Olimpik” böyük üstünlük qazandığı halda bunu son dəqiqələrdə əldən verib. Nəticədə əlavə vaxtın son dəqiqələrində ardıcıl 3 qol vuran “Mançester Yunayted” yarımfinala vəsiqə qazanan tərəf olub.

İngiltərənin digər təmsilçisi “Tottenhem” isə Almaniyada Frankfurt “Ayntraxt”ının qonağı olub. London klubu tək qolla qalib gələrək növbəti mərhələyə yüksəlib.

İtaliya klubu “Latsio” evdə Norveç təmsilçisi “Bodo Qlimt”lə münasibətlərinə aydınlıq gətirib. Səfərdə uduzmuş italyanlar bu dəfə həmin məğlubiyyətin əvəzini çıxa biliblər. Nəticədə əlavə vaxta ehtiyac duyulub. Qalib isə penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirmiş Norveç klubu yarımfinala çıxıb.

Şotlandiya “Reyncers”i isə İspaniyada “Atletik”lə görüşüb. İspaniya klubu inamlı qələbə qazanmaqla növbəti mərhələyə adlayıb.

Qeyd edək ki, Avroliqanın yarımfinal mərhələsinə mayın 1-də start veriləcək. Finala vəsiqə uğrunda “Mançester Yunayted” “Atletik”lə, “Bodo Qlimt” isə “Tottenhem”lə mübarizə aparacaq.

Avropa Liqası
1/4 finalın cavab oyunları
17 aprel

“Atletik” (İspaniya) – “Reyncers” (Şotlandiya) 2:0
Qollar: Sanset, 45+4-pen. N.Uilyams, 80.
İlk oyun – 0:0.

“Mançester Yunayted” (İngiltərə) – “Olimpik” (Lion, Fransa) 5:4
Qollar: Uqarte, 10. Dalo, 45+1. B.Fernandes, 114-pen. Maynu, 120. Maquayr, 120+1 – Tolisso, 71. Talyafiko, 78. Şerki, 105. Lakazette, 108-pen.
İlk oyun – 2:2.

“Ayntraxt” (Almaniya) – “Tottenhem” (İngiltərə) 0:1
Qol: Solanke, 43-pen.
İlk oyun – 1:1.

“Latsio” (İtaliya) – “Bodo Qlimt” (Norveç) 3:1 (penaltilər 2:3)
Qollar: Kastelyanos, 21. Noslin, 90+3. Dia, 100 – Helmersen, 109.
İlk oyun – 0:2.