Avropa 4-cüsü olan Azərbaycan millisi vətənə qayıtdı

Rumıniyanın Buxarest şəhərindəki Avropa çempionatında 2 qızıl, 1 bürünc medal qazanan qadın güləşi üzrə Azərbaycan millisi vətənə qayıdıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 83 xalla komanda hesabında 4-cü yeri tutan yığmamızı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyi və federasiya nümayəndələri, məşqçilər və idmançılar qarşılayıblar.

Xatırladaq ki, qadın güləşi üzrə Azərbaycan millisi Buxarestdə keçirilən yarışda yalnız Ukrayna (147), Türkiyə (142) və Rumıniyadan (101) geri qalıb. Yığmamız medalların əyarına görə Avropa çempionatlarında son 8 ilin, xallara görə son 6 ilin, komanda sıralamasına görə isə son 5 ilin ən yaxşı nəticəsinə imza atıb.

Onu da qeyd edək ki, komandamız 10 çəkidən yalnız 5-ində təmsil olunub. Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) Buxarestdə Avropa çempionu olublar. Elis Manolova (65 kq) isə bürünc medal qazanıb.