Avropa çempionatı: Azərbaycan millisi Tallində 2-ci oldu!

Estoniyanın paytaxtı Tallində taekvondo üzrə böyüklər arasında Olimpiya çəki dərəcələri üzrə Avropa çempionatı keçirilib.

Arena.az xəbər verir ki, Azərbaycan yığması qitə birinciliyində 7 taekvondoçu ilə təmsil olunub.

Məşqçilər korpusu G1 kateqoriyalı çempionatda Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Əliəskər Əliyev (80 kq), Həmidreza Badrialiabadi (+80 kq), Səmərrux Osmanova (49 kq), Leyla Bəşirova (57 kq) və Fatimə Məcidovanı (67 kq) sınaqdan keçirib.

Yarışın ilk günündə Azərbaycan millisi aktivinə bir medal yazdırıb. Yığmamızın liderlərindən Cavad Ağayev (68 kq) finala kimi inamla irəliləyib. Lakin həlledici görüşdə məğlub olan taekvondoçumuz gümüş medala yiyələnib.

Yarışın ikinci günündə millimiz aktivinə daha bir medal əlavə edib. Bu dəfə Həmidreza Badrialiabadi fəxri kürsüyə yüksəlib. +80 kq çəkidə dayanqa çıxan taekvondoçumuz gümüş medala yiyələnib.

Qaşım Maqomedov isə Avropa çempionu olub. 58 kq çəki dərəcəsində mübarizə aparan 24 yaşlı idmançımız 1/8 finalda Riski Farnesi (Danimarka), 1/4 finalda Xristian Giorgiyevi (Bolqarıstan), yarımfinalda Lev Korneyevi (Serbiya) məğlub edib. Qaşım finalda da niderlandlı Amyen Açnini sınağa çəkib. Gərgin keçən döyüşdə teakvondoçumuz rəqibinə heç bir şans verməyərək Avropa çempionatının qızıl medalına yiyələnib. Bununla da yığmamızın Olimpiya çəki dərəcələri üzrə qitə çempionatında qazandığı medalların sayı 3-ə yüksəlib.

Qeyd edək ki, baş məşqçi Məmməd Abdullayevin rəhbərlik etdiyi Azərbaycan yığması 1 qızıl və 2 gümüş medalla kişi komandaları arasında ikinci yeri tutub. Birinci pillədə Ukrayna qərarlaşdığı halda, “üçlüy”ü Almaniya qapayıb.

Azərbaycan millisi ümumi komanda hesabında da Avropanın ən güclüləri sırasına düşüb. Taekvondoçularımızın uğurlu çıxışı yığmamızın 3-cü olması ilə nəticələnib. İlk 2 yeri Serbiya və Ukrayna tutub.

Xatırladaq ki, avqustun 24-də start götürmüş Avropa çempionatı bu gün yekunlaşıb.