Avropa çempionatı başa çatdı: Son gündə daha 4 “bürünc”!

Rumıniyanın paytaxtı Buxarest şəhərində böyüklər arasında təşkil olunmuş güləş üzrə Avropa çempionatı bu gün başa çatıb.

Arena.az xəbər verir ki, son gündə sərbəst güləş üzrə yarışda sonuncu mükafatçılar müəyyənləşib.

Azərbaycanın daha dörd sərbəst güləşçisi Avropa çempionatını medalla başa vurub. Nurəddin Novruzov (61 kq), Turan Bayramov (74 kq), Arseni Cioyev (86 kq) və Georgi Meşvildişvili (125 kq) üçüncü yeri tutublar.

Əvvəlcə Nürəddin Novruzov təsəlliverici görüşdə isveçrəli Nils Leuternə tam üstünlüklə (12:2) qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. O, həlledici görüşdə də bolqarıstanlı Georgi Vangelova 7:3 hesabıyla qalib gələrək Avropa çempionatının bürünc medalını qazanıb.

Turan Bayramov bürünc medal uğrunda görüşdə ispaniyalı Mohammad Ali Mottaginyaya 4:0 hesabıyla qalib gəlib.

Arseni Cioyev rusiyalı Arslan Baqayevlə görüşdə 0:4 hesabıyla geridə olmasına baxmayaraq, geridönüş edərək 6:4 hesabıyla qalib gəlib və Avropa üçüncüsü olub.

Son olaraq Georgi Meşvildişvili ukraynalı Murazi Mçelidzeyə tam üstünlüklə (10:0) qalib gələrək Avropa çempionatında bürünc medal qazanıb.

Bununla da Azərbaycan güləşçilərinin Rumıniyadakı Avropa çempionatında qazandığı medalların ümumi sayı 16-ya çatıb. Daha əvvəl güləşçilərimiz 12 mükafat (5 qızıl, 3 gümüş və 4 bürünc) əldə etmişdilər.

Yunan-Roma güləşçilərdən Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) Avropa çempionu olublar. Rəşad Məmmədov (55 kq), Ülvü Qənizadə (72 kq) ikinci, Beka Kandelaki (130 kq) üçüncü yeri tutub.

Bu Avropa çempionatı qadın güləşçilərimiz üçün də uğurlu alınıb. Belə ki, Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) qitə çempionu olublar. Elis Manolova (65 kq) bürünc medala yiyələnib.
Sərbəst güləşçilərdən də daha öncə Maqomedxan Maqomedov (97 kq) gümüş medal qazanıb. İslam Bazarqanovla (57) Əli Rəhimzadə (65 kq) də bürünc mükafata sahib çıxıblar.