İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı davam edir. Arena.az xəbər verir ki, üçüncü yarış günündə qızlardan ibarət millimizin 3 üzvü mübarizəyə qoşulub.
Əsmər Canqurtaran (50 kq) debütdə macarıstanlı Henrietta Qaala, 1/8 finalda isveçli Neli Yohanssona, 1/4 finalda isə gürcüstanlı Məryəm Qriqalaşviliyə qalib gəlib. Maraqlıdır ki, həmyerlimiz bu qələbələrin hamısını “tuşe” ilə əldə edib. Yarımfinalda yeniyetmələr arasında dünya çempionatının bürünc medalçısı Şevval Çayıra (Türkiyə) məğlub olan Əsmər bürünc medal uğrunda isveçrəli Svenya Yunqoyla güləşib. Rəqibinə 16:11 hesabıyla qalib gələn cüdoçumuz Avropa üçüncüsü olub.
Elnurə Məmmədova (55 kq) ilk görüşdə italiyalı İmmakolata Daniseni xalçadan məyus yola salıb – 7:0. Güləşçimiz daha sonra həm macar Roza Senttamasini, həm də bolqarıstanlı Nazpəri Tahiri “tuşe” ilə üstələyərək finala yüksəlib. Həlledici görüşdə rəqib bir neçə gün əvvəl U-17 Avropa çempionatında qızıl medal qazanmış Tuba Demir olub. Türkiyə güləşçisi üzərində 10:1 hesablı qələbə qazanan Elnurə Avropa çempionu olub.
Nigar Mizəzadə (68 kq) isə təsnifat mərhələsində almaniyalı Sofiya Şaefleyə uduzub – 4:5.
Birgül Soltanova da finala çıxdı!
Yarışın 4-cü günündə gənc qızlardan ibarət millinin son 3 üzvü mübarizəyə qoşulub.
Gültəkin Şirinova (53 kq) ilk mərhələdə finlandiyalı Roberta Luostarinenə tam üstünlüklə qalib gəlib – 12:0. Ancaq Gəncə güləş məktəbinin yetirməsi 1/4 finalda ukraynalı Nataliya Klivçuktskayla bacarmayıb – 4:10.
Birgül Soltanova 1/8 finalda fransalı İris Tieboya tam üstünlüklə qalib gəlib – 10:0. Milli üzvü 1/4 finalda litvalı İneta Dantayteni vaxtından əvvəl xalçadan məyus yola salıb – 11:0. Yarımfinalda ukraynalı İrina Bondarı “tuşe” ilə məğlub edən Soltanova finala yüksəlib. Birgül həlledici görüşdə almaniyalı Luisa Şellə qarşılaşacaq.
Mübarizəyə 1/4 finaldan qoşulan Mərziyə Sadıqova (72 kq) ukraynalı İrina Zablotskaya uduzub – 2:8. Ancaq rəqib finala yüksəldiyi üçün Sadıqova bürünc medal qazanmaq şansı əldə edib. Bunun üçün macarıstanlı Sofiya Viraqa qalib gəlmək lazımdır.
Qeyd edək ki, bu çəkilərdə medal qarşılaşmaları iyulun 1-də keçiriləcək.
Sərbəst güləş yığmamızın Avropa çempionatı üçün heyəti
Qitə birinciliyinin son 3 günündə sərbəst güləşçilər mübarizə aparacaq. Böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Rövşən Hacıyevlə Əşrəf Əliyevin rəhbərliyi altında Nurəddin Novruzov (57 kq), Ramik Heybətov (61 kq), Əbülfəz Nəsirov (65 kq), Sabir Cəfərov (70 kq), Cəbrayıl Qadjiyev (74 kq), Səbuhi Əmiraslanov (79 kq), Fərid Cabbarov (86 kq), Abdulcəlil Şabanov (92 kq), Varis Mehdizadə (97 kq) və Aslan Abakarov (125 kq) ölkəmizi məsul yarışda təmsil edəcək.
Səfər ərəfəsində Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü Namiq Abdullayev, baş katib Nəsimi Musayev, baş katibin müavini Orxan Məmmədov, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Elçin Cəfərov milli üzvləriylə görüşərək onlara uğurlar arzulayıblar.
AÇ-nin proqramına əsasən, bu gün bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək. Sabah 57, 65, 70, 79 və 97 kq-da yer alan sərbəst güləşçilər xalçaya çıxacaq. Növbəti gün digər çəkilərdəki pəhləvanlar mübarizəyə qoşulacaq.