Avropa çempionatı: Füqanla Ravin də qüvvələrini sınadılar

Fevralın 12-dən etibarən Bolqarıstanın paytaxtı Sofiya şəhərində təşkil olunmuş ağırlıqqaldırma üzrə Avropa çempionatı davam edir.

Arena.az xəbər verir ki, 43 ölkədən 402 atletin (202 kişi + 200 qadın) qatıldığı yarışda Azərbaycan yığma komandasının üzvləri də çıxış edirlər.

Bu gün onlardan daha ikisi – Füqan Əliyev və Ravin Alməmmədov da körpücük üzərinə qalxıblar. Onlar 81 kq çəki dərəcəsinin B qrupunda qüvvələrini sınayıblar.

Ravin birdən qaldırma hərəkətində 135 kq nəticə göstərib, təkanla qaldırma hərəkətinə isə zədə səbəbindən çıxa bilməyib. Bu üzdən də o, yarışı nəticəsiz başa vurmalı olub.

Füqan toplam 313 kq (140+173) nəticə göstərib və B qrupunu 3-cü yerdə başa vurub. Onun yekun sıralamadakı yeri bu çəki dərəcəsinin A qrupunda çıxışlar başa çatandan sonra məlum olacaq.

Sofiyadakı Avropa çempionatı fevralın 20-də başa çatacaq. Azərbaycan millisi qitə birinciliyinə 9 atletlə yollanıb. Daha öncə 4 atletimiz körpücük üzərinə qalxmışdı. Nazilə İsmayılova 45 kq çəki dərəcəsində 11-ci olub. Tehran Məmmədov və İsa Rüstəmov isə 67 kq çəki dərəcəsində qüvvələrini sınayıblar. Tehran bu çəkidə 12-ci, İsa isə 5-ci olub. 73 kq-da yarışmış Ömər Cavadov da toplam 318 kq (152+166) nəticə ilə yekun sıralamada 9-cu yeri tutub.