Avropa çempionatı: Güləşçilərimiz daha 3 medal qazandılar

İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı davam edir. Arena.az xəbər verir ki, qitə birinciliyinin ikinci günündə 60, 67, 72, 82 və 97 kq-da yer alan yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Nihat Məmmədli (60 kq) ilk mərhələdə alman Eugen Şellə heç bir şans tanımayıb – 8:0. Növbəti mərhələdə polşalı Oliver Şkripçakı vaxtından əvvəl xalçadan məyus yola salan (13:5) güləşçimiz yarımfinalda erməni Suren Ağacanyanla bacarmayıb – 1:9. Nihat bürünc medal uğrunda görüşdə isveçli İlyas Ayhana qalib gəlib – 6:0.

Kənan Abdullazadə (67 kq) təsnifat mərhələsində fransalı Maqomed Qataqayevi minimal fərqlə (3:2), 1/8 finalda isə litvalı Rokas Çepauskası sonuncu xal prinsipinə əsasən (4:4) üstələyib. 1/4 finalda macar Amadeuş Vitek üzərində təmiz qələbə (8:0) qazanan pəhləvanımız yarımfinalda gürcü Nika Broladzeyə uduzub – 1:4. Kənan bürünc medal uğrunda mübarizədə israilli Şon Nadergindən güclü olub – 6:1.

Qurban Qurbanov (72 kq) yarışa inamlı start verib. Güləşçimiz rəqiblərinə göz açmağa imkan verməyib. Belə ki, Qurban sırayla norveçli Marius Dalsbotten (9:0), gürcü Temuri Orconikidze (8:0), isveçrəli David Loher (11:0) və ukraynalı İrfan Mirzoyevə (8:0) tam üstünlüklə qalib gələrək adını finala yazdırıb. Qurbanov həlledici qarşılaşmada macar Attila Toesmaqiylə üz-üzə gəlib. Rəqibinə minimal fərqlə (1:2) uduzan Qurban gümüş medalı boynundan asıb.

Rauf Əliyev (82 kq) ilk görüşdə slovakiyalı Matyas Şeylerdən güclü olub – 3:0. Ancaq 1/4 finalda gürcü Açiko Bolkvadze keçilməz olub – 1:6. Rəqib finala yüksəldiyi üçün Əliyev təsəlliverici görüşə çıxıb. Ancaq Rauf ukraynalı Ruslan Abdiyevlə də bacarmayıb – 0:9.

Yunan-Roma güləşində yeni rekord!

Beləliklə, Avropa çempionatında yunan-Roma güləşi üzrə mübarizə başa çatıb. Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında 9 güləşçiylə qitə birinciliyinə qatılan komandanın 5 üzvü fəxri kürsüyə qalxıb. Nihad Quluzadə (55 kq) və Laçın Vəliyev (87 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Qurban Qurbanov (72 kq) ikinci, Nihat Məmmədli (60 kq) ilə Kənan Abdullazadə (67 kq) isə üçüncü yeri tutub.

Yığma komandanın AÇ-də qazancı 2 qızıl, 1 gümüş və 2 bürünc medal olub. Azərbaycan 102 xalla komanda hesabında 4-cü yeri tutub. Gürcüstan (141) birinci, Türkiyə (118) ikinci, Ukrayna (103) isə üçüncü pillədə qərarlaşıb.

Cari Avropa çempionatı da güləşimiz üçün rekord nəticəylə başlayıb. Belə ki, ilk dəfə bu yaş qrupu üzrə AÇ-də yunan-Roma güləşində komandamız 102 xal toplayıb. Buna qədər güləşin bu növündə ən yüksək xal göstəricimiz 99 xal (Dortmund-2021) idi. Bundan əlavə, həm medalların sayına, həm də əyarına görə son 6 ilin ən yaxşı nəticəsi gerçəkləşdirilib.

Xanım güləşçimiz AÇ-nin finalında!

Bu gün – üçüncü yarış günündə isə qızlardan ibarət millimizin 3 üzvü mübarizəyə qoşulub.

Əsmər Canqurtaran (50 kq) debütdə macarıstanlı Henrietta Qaala, 1/8 finalda isveçli Neli Yohanssona, 1/4 finalda isə gürcüstanlı Məryəm Qriqalaşviliyə qalib gəlib. Maraqlıdır ki, həmyerlimiz bu qələbələrin hamısını “tuşe” ilə əldə edib. Yarımfinalda yeniyetmələr arasında dünya çempionatının bürünc medalçısı Şevval Çayıra (Türkiyə) məğlub olan Əsmər bürünc medal uğrunda güləşəcək.

Elnurə Məmmədova (55 kq) ilk görüşdə italiyalı İmmakolata Daniseni xalçadan məyus yola salıb – 7:0. Güləşçimiz daha sonra həm macar Roza Senttamasini, həm də bolqarıstanlı Nazpəri Tahiri “tuşe” ilə üstələyərək finala yüksəlib. Həlledici görüşdə rəqib bir neçə gün əvvəl U-17 Avropa çempionatında qızıl medal qazanmış Tuba Demir (Türkiyə) olacaq.

Nigar Mizəzadə (68 kq) təsnifat mərhələsində almaniyalı Sofiya Şaefleyə uduzub – 4:5.

Qeyd edək ki, bu çəkilərdə medal görüşləri iyunun 30-da keçiriləcək. Avropa çempionatına iyulun 3-dən yekun vurulacaq.