Avropa çempionatı: Güləşçilərimiz daha 4 medal qazandılar

Rumıniyanın paytaxtı Buxarest şəhərində 23 yaşadək güləşçilər arasında (U-23) təşkil olunmuş Avropa çempionatı davam edir. Arena.az xəbər verir ki, qitə birinciliyinin beşinci günündə sərbəst güləş üzrə 5 çəkidə mübarizəyə start verilmişdi.

Mübarizəyə 1/4 finaldan qoşulan Nürəddin Novruzov (57 kq) debütdə moldovalı Gennadi Diuvenjiyə heç bir şans tanımamışdı – 12:2. Ancaq o, yarımfinalda hakimlərin müəmmalı qərarı fonunda türkiyəli Tolqa Özbekə minimal fərqlə uduzmuşdu – 4:5. Novruzov bu gün bürünc medal uğrunda görüşdə Edik Harutyunyana (Ermənistan) da uduzaraq 5-ci yerlə kifayətlənib.

Xaniyevlə İlyasov Avropa çempionu oldu

Rəşid Babazadə (65 kq) startda moldovalı Veniamin Borzin üzərində inamlı qələbə qazanmışdı – 11:2. Gürcüstanlı Qoqa Otinaşviliylə qarşılaşma isə gərgin mübarizə şəraitində keçmişdi. Rəqibinə 7:6 hesabıyla qalib gələn Babazadə adını yarımfinala yazdırmışdı. Rəşid türkiyəli Hamza Zopalını (11:8) da yolundan kənarlaşdıraraq finala yüksəlmişdi. Həmyerlimiz bu gün həlledici görüşdə Fransa təmsilçisi Xamzat Arsamerzoyevlə üz-üzə gəlməli olsa da, yarımfinal görüşündə aldığı zədə ona güləşməyə imkan verməyib. Belədə Babazadə U-23 Avropa çempionatını gümüş medalla başa vurub.

Maqomed-Başir Xaniyev (70 kq) 1/8 finalda ukraynalı Narek Poqosyandan güclü olmuşdu – 8:3. Təmsilçimiz 1/4 finalda avstriyalı Benedikt Huberə (11:1) də tam üstünlüklə qalib gəlmişdi. Xaniyev gürcüstanlı Davit Patsinaşvilini də (7:4) üstələyərək finala vəsiqə qazanmışdı. Maqomed-Başir bu gün finalda ermənistanlı Hayk Papikyanla qarşılaşıb. Rəqibinə tam üstünlüklə (10:0) qalib gələn Xaniyev Avropa çempionu olub.

Yarışa 1/4 finaldan başlayan Səbuhi Əmiraslanov (79 kq) çətinlik çəkmədən polşalı Mateuş Pedziçkini mübarizədən kənarlaşdırmışdı – 10:0. Əmiraslanov yarımfinalda böyüklər arasında sonra Avropa çempionu Georgios Kuqiumtsidisə (Yunanıstan) uduzmuşdu – 2:5. Səbuhi bu gün bürünc medal uğrunda ermənistanlı Narek Qriqoryanla güləşib və 4:1 hesablı qələbəylə fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

İslam İlyasov (97 kq) təsnifat mərhələsində almaniyalı Ertuğrul Ağcaya qalib gəlmişdi – 5:0. Həmyerlimiz 1/4 finalda bolqarıstanlı Kolyo Dimitrovu xalsız qoymuşdu – 6:0. İlyasov yarımfinalda macarıstanlı Riçard Veqi eyni hesabla üstələyərək ardıcıl 2-ci dəfə U-23 Avropa çempionatının finalına yüksəlmişdi. İslam bu gün həlledici görüşdə türkiyəli Oktay Çiftçini sınağa çəkib. Rəqibinə 6:1 hesabıyla qalib gələn İlyasov titulunu qoruyaraq, ardıcıl 2-ci dəfə U-23 Avropa çempionatının qalibi olub.

Xatırladaq ki, martın 13-də start götürmüş Avropa çempionatı sabah başa çatacaq.