Avropa çempionatı: Hacı, Əliabbas və Maqomedxan finalda!

Bu gün Xorvatiyanın paytaxtı Zaqreb şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı start götürüb. Arena.az xəbər verir ki, yarışın ilk günündə 5 çəkidə sərbəst güləşçilər mübarizə aparıblar.

Yarışa 1/4 finaldan qoşulan Əliabbas Rzazadə (57 kq) almaniyalı Horst Lerə “tuş”la qalib gəlib. Pəhləvanımız yarımfinalda italiyalı Simyone Piroddu ilə qarşılaşıb. Gərgin keçən görüşdə 12:8 hesablı qələbə əldə edən Rzazadə finala yüksəlib. Əliabbas həlledici görüşdə türkiyəli Süleyman Atlıyla üz-üzə gələcək.

Əli Rəhimzadə (65 kq) 1/8 finalda albaniyalı İslam Dudayevi mübarizədən kənarlaşdırıb – 5:2. Ancaq 1/4 finalda ermənistanlı Vazgen Tevanyana uduzub – 1:4. Rəqib finala yüksəldiyi üçün Rəhimzadə təsəlliverici görüşə çıxacaq. Əli bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanmaq üçün israilli Coşua Finesilverə qalib gəlməlidir.

Hacı Əliyev (70 kq) təsnifat mərhələsində italiyalı Canluka Talamoya tam üstünlüklə qalib gəlib – 12:1. Titullu güləşçimiz 1/4 finalda almaniyalı Kevin Henkelə gücünü göstərib – 4:0. Millinin kapitanı yarımfinalda moldovalı Vasile Diakonu 4:1 hesabıyla məğlub edib. Nəticədə Hacı 5-ci dəfə Avropa çempionatının finalına yüksəlib. Əliyev həlledici görüşdə bolqarıstanlı Ramazan Ramazanovla qarşılaşacaq.

Səbuhi Əmiraslanov (79 kq) 1/8 finalda İman Mahdavini (UWW) 3:0 hesabıyla üstələyib. Həmyerlimiz 1/4 finalda gürcüstanlı Vladimeri Qamkrelidzeyə heç bir şans tanımayıb – 10:0. Avropa çempionatının debütantı yarımfinalda ukraynalı Vasili Mixaylovla güləşib. 1/4 final görüşündə dizindən aldığı zədə Mixaylovla istədiyi kimi güləşməyə imkan verməyib. Nəticədə 2:5 hesabıyla uduzan Səbuhi mübarizəni bürünc medal uğrunda davam etdirəcək.

Maqomedxan Maqomedov (97 kq) 1/8 finalda italiyalı Benjamin Honisi vaxtından əvvəl məğlub edib – 12:1. Təmsilçimiz 1/4 finalda isveçrəli Samuel Şerrə də eyni aqibəti yaşadıb – 11:0. Maqomedov yarımfinalda ötən il AÇ-nin finalında məğlub etdiyi Vladislav Baytsayevlə (Macarıstan) qarşılaşıb. Bu rəqibinə yenə inamla (6:0) qalib gələn Maqomedov qitə birinciliyinin finalına vəsiqə qazanıb. Maqomedxan titul uğrunda gürcüstanlı Givi Matçaraşviliylə mübarizə aparacaq.

Bu çəkilərdə təsəlliverici görüşlər və medallar uğrunda qarşılaşmalar sabah keçiriləcək. Sabah həm də 61, 74, 86, 92 və 125 kq üzrə mübarizəyə start veriləcək.

Avropa çempionatı aprelin 23-nə qədər davam edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: