Bolqarıstanın paytaxtı Sofiyada keçirilən böyüklər arasında cüdo üzrə Avropa çempionatı başa çatıb. Arena.az xəbər verir ki, çempionata dünyanın 40 ölkəsindən 362 idmançı qatılıb.
Azərbaycan yığma komandası Avropa çempionatına doqquzu oğlan, ikisi qız olmaqla, 11 idmançı ilə qatılıb. Baş məşqçi Riçard Trautmanın rəhbərliyi altında yarışan komandamız qitə birinciliyini üç medalla başa vurub. Cüdoçularımız Avropa çempionatını 1 qızıl, 2 bürünc medalla bitiriblər.
Avropa çempionatı üç gün davam edib. Yarışın ilk günündə oğlanlar arasında 60 kq çəki dərəcəsində Balabəy Ağayev və Əhməd Yusifov, 66 kq-da İbrahim Əliyev və Yaşar Nəcəfov, qızlar arasında isə 48 kq-da Şəfəq Həmidova və Ramilə Əliyeva tatamiyə çıxıb. Balabəy Ağayev və Yaşar Nəcəfov 5-ci yerlə kifayətlənibsə, digər idmançılarımızın çıxışı daha uğursuz alınıb.
Yarışın ikinci günündə 73 kq çəki dərəcəsində favorit idmançılarımız Rüstəm Orucov və Hidayət Heydərov medallar uğrunda mübarizə aparıblar. İlk olaraq Rüstəm Orucov bürünc medala sahib olub. Digər idmançımız Hidayət Heydərov isə bütün rəqiblərini geridə qoyaraq qızıl medal qazanıb.
Çempionatın sonuncu günü 3 cüdoçumuz mükafatlar uğrunda mübarizə aparıb. 90 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Məmmədəli Mehdiyev və 100 kq çəkidə yarışan cüdoçumuz Elmar Qasımov çempionluğa çox yaxın olduğu halda bürünc medal uğrunda yarışmaq şansı əldə ediblər. Məmmədəli Mehdiyev Avropa 3-cüsü olub, Elmar Qasımov isə çempionatı 5-ci yerdə tamamlayıb. +100 kq. çəkidə mübarizə aparan cüdoçumuz Uşanqi Kokauri isə yarışda 7-ci yeri tutub.
Yarışın yekun nəticələrinə görə millimiz Avropa çempionatını ümumi sıralamada 8-ci, kişilər arasında isə 4-cü yerdə başa vurub.


