Fevralın 12-dən etibarən Bolqarıstanın paytaxtı Sofiya şəhərində təşkil olunmuş ağırlıqqaldırma üzrə Avropa çempionatı davam edir.
Arena.az xəbər verir ki, 43 ölkədən 402 atletin (202 kişi + 200 qadın) qatıldığı yarışda Azərbaycan yığma komandasının üzvləri də çıxış edirlər.
Bu gün onlardan daha biri – Nurlan Məmmədzadə də körpücük üzərinə qalxıb. O, 89 kq çəki dərəcəsinin B qrupunda qüvvəsini sınayıb.
Nurlan birdən qaldırma hərəkətində 140 kq-ın öhdəsindən gəlib. Lakin o, təkanla qaldırma hərəkəti və ümumi yarışı zədə səbəbindən nəticəsiz başa vurmalı olub.
Sofiyadakı Avropa çempionatı fevralın 20-də başa çatacaq. Azərbaycan millisi qitə birinciliyinə 9 atletlə yollanıb.
Daha öncə 6 atletimiz körpücük üzərinə qalxmışdı.
Nazilə İsmayılova 45 kq çəki dərəcəsində 11-ci olub.
Tehran Məmmədov və İsa Rüstəmov 67 kq çəki dərəcəsində qüvvələrini sınayıblar. Tehran bu çəkidə 12-ci, İsa isə 5-ci olub.
73 kq-da yarışmış Ömər Cavadov da toplam 318 kq (152+166) nəticə ilə yekun sıralamada 9-cu yeri tutub.
Füqan Əliyev və Ravin Alməmmədov 81 kq çəki dərəcəsində mübarizə aparıblar. Ravin birdən qaldırma hərəkətində 135 kq nəticə göstərib, təkanla qaldırma hərəkətinə isə zədə səbəbindən çıxa bilməyib, yarışı nəticəsiz başa vurub. Füqan isə toplam 313 kq (140+173) nəticə göstərib və yekun sıralamada 12-ci yeri tutub.