Avropa çempionatı: Ömər Cavadov qrupunda 2-ci oldu

Fevralın 12-dən etibarən Bolqarıstanın paytaxtı Sofiya şəhərində təşkil olunmuş ağırlıqqaldırma üzrə Avropa çempionatı davam edir.

Arena.az xəbər verir ki, 43 ölkədən 402 atletin (202 kişi + 200 qadın) qatıldığı yarışda Azərbaycan yığma komandasının üzvləri də çıxış edirlər.

Bu gün onlardan daha biri – Ömər Cavadov körpücük üzərinə qalxıb. O, 73 kq çəki dərəcəsinin B qrupunda qüvvəsini sınayıb.

Ömər toplam 318 kq (152+166) nəticə ilə B qrupunda 2-ci yeri tutub.

Atletimizin yekun sıralamadakı yeri bu çəki dərəcəsinin A qrupunda çıxışlar başa çatandan sonra məlum olacaq.

Sofiyadakı Avropa çempionatı fevralın 20-də başa çatacaq. Azərbaycan millisi qitə birinciliyinə 9 atletlə yollanıb. Daha öncə 3 atletimiz körpücük üzərinə qalxmışdı. Nazilə İsmayılova 45 kq çəki dərəcəsində 11-ci olub. Tehran Məmmədov və İsa Rüstəmov isə 67 kq çəki dərəcəsində qüvvələrini sınayıblar. Tehran bu çəkidə 12-ci, İsa isə 5-ci olub.