Rumıniyanın paytaxtı Buxarest şəhərində böyüklər arasında təşkil olunmuş güləş üzrə Avropa çempionatı davam edir.
Arena.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə yarışda ilk mükafatçılar müəyyənləşib.
Azərbaycanın 3 sərbəst güləşçisi günü medalla başa vurub. Belə ki, Maqomedxan Maqomedov (97 kq) gümüş, İslam Bazarqanov (57) və Əli Rəhimzadə (65 kq) isə bürünc mükafata yiyələniblər.
Avropa çempionu Maqomedxan Maqomedov finalda Gürcüstan təmsilçisi Givi Matçaraşviliyə məğlub olub. 3-cü yer uğrunda görüşlərdə isə İslam Bazarqanov ukraynalı Kamil Kərimova, Əli Rəhimzadə Fransa idmançısı Həmzət Arsamerzuyevə qalib gəlib.
Bu gün daha beş güləşçimiz mübarizəyə qoşulub. Nürəddin Novruzov (61 kq) və Arseni Cioyev (86 kq) yarışa təsnifatdan başlayıblar. Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (92 kq) və Georgi Meşvildişvili (125 kq) isə mübarizəyə birbaşa 1/8 finaldan qoşulublar. Təəssüf ki, güləşçilərimizin heç bir finala yüksələ bilməyib. Onlardan 4-ü – Nürəddin Novruzov (61 kq), Turan Bayramov (74 kq), Arseni Cioyev (86 kq) və Georgi Meşvildişvili (125 kq) sabah – fevralın 18-də bürünc medal uğrunda yarışmaq hüququ qazanıblar.
Xatırladaq ki, bu Avropa çempionatı sabah yekunlaşacaq. Daha əvvəl Azərbaycan millisi Avropa çempionatında ümumilikdə 9 medal qazanıb. Yunan-Roma güləşçilərdən Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) Avropa çempionu olublar. Rəşad Məmmədov (55 kq), Ülvü Qənizadə (72 kq) ikinci, Beka Kandelaki (130 kq) üçüncü yeri tutub. Qadın güləşçilərdən isə Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) qitə çempionu olublar. Elis Manolova (65 kq) da bürünc medal qazanıb.